Dərman qıtlığı məsələsi aktuallığını qoruyub saxlayır. Bəzi tibb ekspertləri ölkədə dərman qıtlığının səbəbini Rusiya - Ukrayna müharibəsi ilə əlaqələndirir. Bildirilir ki, depolarda preperatların azlığı qoyulan məhdudiyyətlərdən irəli gəlir.
Bir müddət öncə deputat Fazil Mustafa da dərman sənayesi ilə bağlı problemi Milli Məclisdə səsləndirib.
O, Azərbaycan və Türkiyənin dərman sənayesinin birləşdirilməsi ilə bağlı təklif edib:
"Azərbaycan və Türkiyəyə bir millət, iki dövlət deyilir. Bəlkə dərman sənayemizi də birləşdirək? Bir millət, bir dərman, iki dövlət olaq".
Mövzu ilə bağlı "Sherg.az"a danışan həkim, ictimai-siyasi xadim Zəlimxan Məmmədli bildirib ki, əslində dərmanlar mövcuddur, lakin saxtaları çoxdur:
"Monopoliyadan qurtarmaq lazımdır. Avropanın, ən azından Türkiyənin dərman bazarını açmalıyıq. Türkiyə dərmanları müxtəlif yollarla gətirilən preparatlardan qat-qat güclüdür. Dərmanın keyfiyyətini və üzərindəki monopoliyanı qaldırsaq, qiymət siyasətini azad rəqabətə buraxsaq, qiymətlər indikindən kifayət qədər aşağı olacaq. Gürcüstanda qiymətlər Azərbaycandakından bir neçə dəfə ucuzdur. Monopolistlərin əlindəki səlahiyyətlər əllərindən alınmalı, dərmanlara nəzarət dövlətə verilməlidir".