Koronavirusun yeni variantı qorxulu deyil


İnfeksionist Mərdan Əliyev: "Əsas virusun hər hansı törəməsi, variantı onun özündən heç vaxt güclü olmur"

  “Payıza doğru yoluxma sayında artım olacağı proqnozlaşdırılmışdı. Proseslər gözlənildiyi kimi cərəyan edir. Buna hazırlıqlı olmalıyıq”. Bu sözləri “Şərq”ə açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib. COVİD-19-un yeni – BA5 variantı barədə danışan mütəxəssis bildirib ki, bu, əslində “Omicron” ştammının alt variantıdır: 
- BA5  koronavirusun “Omicron” ştammının qeydə alınmış 2 yeni alt variantından biridir. Viruslarda belə halların baş verməsi tamamilə mümkündür və gözləniləndir. Alt variant nədir, belə izah edim, virusun genetik kodu dəyişməz qalır, yalnız genlərdə 1-2 dəyişiklik baş verir. BA5 də “Omicron” variantında dəyişikliyə uğramış genlərdir. Yəni “Omicron” ştammında 2 gen dəyişikliyi baş verib. Bu, çox da önəmli deyil. Əvvəllər də dediyimiz kimi, əsas virusun hər hansı törəməsi, variantı onun özündən heç vaxt güclü olmur. Xəstəlik əlamətlərində, xəstəliyin gedişatında bəzi fərqliliklər baş verir. Ona görə də yeni variant barədə “çox təhlükəlidir” ifadəsinin işlədilməsi düzgün olmaz. 

  Qeyd edək ki, son zamanlar, xüsusən də iyul ayı başlanandan koronavirusa yoluxma sayında artım müşahidə edilir. Bu isə pandemiyanın geri dönəcəyi  ehtimallarını artırır. ÜST rəhbərinin “Koronavirus pandemiyasının bitməsi üçün uzun müddət gərəkdir. Virusun yeni dalğaları COVİD-19-un sonunun uzaqda olduğunu göstərir. Virus bizi sıxışdırarkən, biz onun qarşısını almalıyıq”, bəyanatı da pandemiyanın bitdiyinə ümid bəsləyənləri bir tərəfdən məyus etdi. Həqiqətən də son iki həftə ərzində yoluxma sayında nəzərəçarpacaq artım var. Türkiyəli həkim, yoluxucu xəstəliklər üzrə mütəxəssis professor Bülənt Ərtuğrul qeyd edib ki, yoluxma sayının artmasına səbəb COVİD-19-un üzə çıxmış yeni variant – BA5-in yoluxuculuq gücünün daha da yüksək olmasıdır. Bu variant əvvəlkilərə nisbətən daha da yoluxucu və təhlükəlidir. Professor yoluxma sayının artmasına yay fəslində insanların bir yerdən digərinə səyahət etməsinin, yerdəyişməsinin də səbəb olduğunu göstərtir. Həkim məsləhət görür ki, fiziki məsafəni qorumaq mümkün deyilsə, hətta açıq havada da tibbi maskalardan istifadə edilməlidir. Xüsusən də istirahət yerlərində, turistik məkanlarda fiziki məsafə saxlamaq mümkün görünmür. Ona görə də qoruyucu maskalardan mütləq istifadə edilməlidir. Həmçinin, sonuncu vurulan peyvəndin üzərindən 6 ay keçibsə, yenidən peyvənd vurdurmaq məsləhətdir. 
  Həkim-infeksionist Mərdan Əliyev isə bu fikirdədir ki, yoluxma sayının artmasına səbəb immunitetin zəifləməsi və bunun nəticəsində xəstəliyə həssaslığın artmasıdır: 
- Qeyd etdiyim kimi, yoluxma sayının payıza doğru artacağı proqnozlaşdırılmışdı və proseslərin gedişi də bunu göstərir. Yeni variant qorxulu deyil. İmmunitet zəifliyi xəstəliyə həssaslığı artırır, nəticədə yoluxma sayında artım baş verir. Tövsiyəmiz budur ki, risk qrupuna daxil olanlar (yaşlılar, xroniki xəstəlikləri olanlar) yenidən peyvənd vurdursunlar. 3-cü dozanın üzərindən müəyyən müddət keçdikdə orqanizmin virusa dözümlülüyü azalır. Virusdan qorunmağın bir yolu tam izolyasiyadır, bu isə məlum məsələdir ki, çox çətindir, hətta mümkünsüz görünür. Virusdan qorunmağın optimal yolu kimi tibbi maskalardan istifadə və peyvənd vurdurmaq qalır. Bütün hallarda insanların qorunmasında fayda var.