İsti havalarda yağlı yeməklərdən qaçın!


Bu, mədə pozuntusu, qarın ağrısı, ishal yarada bilər

  Havaların isti keçdiyi günlərdə qida zəhərlənmələrin artması gözləniləndir. Mütəxəssislər yay fəslində əhaliyə qidalanmada xüsusilə diqqətli olmağı tövsiyə edir. İsti havada ərzaqların tez xarab olması, birbaşa günəş şüalarının altında saxlanılan qidaların tərkibində baş verən dəyişikliklər zəhərlənməyə əsas yaradır. Kütləvi mərasimlər isə bu mənada bir qədər də təhlükəlidir. Qidaların, yeməklərin böyük həcmdə hazırlanması, axşam bişirilmiş yeməyin günorta yeyilməsi zəhərlənmə üçün şərait yaradır. Belə hadisələrdən biri Göyçay rayonunda baş verib. 

Rayonda qidadan kütləvi zəhərlənmə qeydə alınıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub. Axşam saat 20:00 radələrində məclis iştirakçılarından, aralarında rayonun Yeniarx kənd sakinləri və azyaşlıların da olduğu təxminən 15-ə yaxın şəxsin halı qəfildən pisləşib. İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada müayinə və müalicə tədbirləri görülüb.  Vəziyyətləri yaxşılaşıb. Zəhərlənməyə nəyin səbəb olduğu hələ ki, dəqiq bilinmir. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 
  Təcili tibbi yardım stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında yay aylarında zəhərlənmə hallarına tez-tez rast gəlindiyini qeyd etdi: 
- Yay aylarında qida təhlükəsizliyi ən önəmli məsələdir. Havanın temperaturu yüksək olduğundan istənilən qida məhsulu, ərzaq qısa zamanda tez xarab ola bilər. Adicə su marketə gətirilir və onun içəri daşınması 10-12 dəqiqədən çox çəkirsə, bu müddət ərzində suyun da keyfiyyəti dəyişə bilər. Yay fəslində qidalar, ərzaq  məhsulları açıq havada, günəş şüaları altında saxlanmamalıdır. Mayonez, ət, toyuq, balıq, kremli, yağlı qidalar tez xarab olan məhsullara aiddir. İsti havanın, günəş şüalarının təsiri ilə qidaların tərkibində qida toksinləri yaranır, nəticədə orqanizmdə zəhərlənmələrə gətirib çıxarır.   Buna qida toksiki infeksiyaları deyilir. Və onlar strafilakok mənşəli bakteriyalardır. Bu bakteriyalara balıqlarda, hisə verilmiş balıqda daha çox rast gəlinir. Ona görə də yay aylarında balıq məhsullarından istifadə edərkən çox diqqətli olmaq lazımdır. 
  Ş.Məmmədov kütləvi mərasimlərdə yeməklərin hazırlanma qaydasına ciddi diqqət edilməli olduğunu söylədi: 
- Toylarda da zəhərlənmə faktları olur, yas mərasimlərində də. Birincisi, gərək yeməklər düzgün qaydada hazırlansın. Ən əsası da ərzaq məhsullarının düzgün saxlanma şəraitinə diqqət edilsin.  Soyuducuda qalmalı olan yeməklər soyuducuda saxlansın, ərzaqlar, xörəklər uzun müddət açıq havada qalmasın.  İkincisi, mərasimlərdə iştirak edənlər də ehtiyatlı olmalı, qidalanma qaydalarına riayət etməlidir. İsti havada yağlı yeməklər mədə pozuntusu, qarın ağrısı, ishal yarada bilər. Yağlı yeməkdən sonra soyuq su içmək də ishala səbəb olur. Uşaqlara qarşı xüsusilə diqqətli olmaq lazımdır. Biz hər zaman məsləhət görürük ki, isti havalarda yüngül qidalara üstünlük verilməlidir. Məlumdur ki, toy məclislərində çeşidli yeməklər, yas mərasimlərində isə əsasən yağlı, ət xörəkləri verilir. Hər ikisi də isti havalarda təhlükəlidir.