“Qırmızı həyəcan” elan olundu

Avropada son günlərdə isti havadan mindən artıq insan ölüb

  Qızmar istilər Avropanı “qaynar qazan”a döndərib. Ən dəhşətlisi isə şiddətli istilərin insan ölümlərinə səbəb olmasıdır. “NTV.com.tr” xəbər verir ki, Avropada son günlərdə isti havadan mindən artıq insan ölüb. Böyük Britaniyada ölkə tarixində ilk dəfə şiddətli istilər səbəbilə fövqəladə vəziyyət - “qırmızı həyəcan”, Fransada 15 bölgədə “qırmızı”, 51 bölgə isə “narıncı təhlükə” elan edilib. Belçika və Almaniyada rekord temperatur yüksəkliyi qeydə alınıb. Ümumilikdə Avropada isti hava səbəbiylə ölənlərin sayı mini ötür.

Fövqəladə vəziyyətlə bağlı məktəblərin vaxtından əvvəl tətilə çıxacağı, xəstəxanalara qeydiyyatların ləğv ediləcəyi gözlənilir.   Metereoloqlar şiddətli istilərin qarşıdakı 2 gündə davam edəcəyini bildirir və əhalini ehtiyatlı olmağa, istilərdən qorunmağa çağırır. 

Temperaturun 40 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır. İtaliya hökuməti də həkim briqadalarını və xilasetmə qruplarını hazır vəziyyətə gətirib, vətəndaşlara məcbur qalmadıqca evdən çıxmamağı tövsiyə edib. Qızmar istilərin sabah Almaniyaya çatacağı gözlənilir. Ölkənin cənubunda və qərbində havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi qeyd edilir. Mütəxəssislər insan tələfatı ilə bağlı xəbərdarlıq edib. 

BBC-nin xəbərinə görə, İspaniya və Portuqaliyada insan tələfatı mindən artıqdır. İtaliya, Fransa, Belçika və Niderland isə tələfatlar barədə məlumat vermir.