Koronavirusun pandemiyaya çevrilmək ehtimalı sıfırdır
İnsanları panikaya salmağa, qorxutmağa ehtiyac yoxdur
Azərbaycan vətəndaşlarında infeksiyaya qarşı təbii kollektiv immunitet formalaşdığı üçün əksəriyyət xəstəliyi evdə keçirəcək
Aylar öncə yoluxma sayının kəskin azalması səbəbindən pandemiyanın başa çatdığı zənn edilsə də, koronavirus təhlükəsi yenidən bütün ölkələri narahat etməyə başlayıb. Yoluxma hallarının artması bir çox ölkələri əks-tədbirlər görməyə vadar edir. Artıq bəzi yerlərdə yenidən məhdudiyyətlərin tətbiq edilməsinə qərar verilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun sözlərinə görə, son altı həftədə dünyada COVID-19 xəstəliyinə yoluxma hallarının qeydiyyata alınmış sayı hər həftə təqribən iki dəfə artıb: “Koronavirusun hər hansı gələcək variantının geniş yayılması üçün o, daha transmissiv olmalıdır. Lakin bu variantın nə dərəcədə ölümsaçan olduğunu bilmək mümkün deyil. Ona görə bütün dünyada koronavirusa yoluxanların sayının artması fonunda dünya birliyi koronavirusun yeni variantlarının yaranmasına hazırlaşmalıdır”.
Gebreyesus dünya ölkələrini koronavirusun profilaktikasında mövcud boşluqlara, xüsusən virusun yayılmasının monitorinqinə, əhalinin peyvəndlənməsinə və dava-dərman təchizatına diqqət yetirməyə çağırıb.
Son günlər Azərbaycanda da koronavirusa yoluxanların sayında artımın müşahidə olunması, hətta dünən 305 nəfərə çatması insanlar arasında müəyyən qədər narahatlığa səbəb olub.
Bəzi insanlar yenidən sərt karantin günlərinin qayıdacağını düşünürlər. Bəzi sosial platformalarda “maskalı günlər geri qayıdır” başlığı ilə narahatedici xəbərlər də yayılır.
Görəsən, qarşıdakı aylarda yoluxma sayı pik həddə qədər yüksələ, pandemiya yenidən qüvvətlənə bilərmi?
Son günlər yoluxma sayında sürətli artım müşahidə olunduğunu vurğulayan infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında bildirib ki, səbəb yoluxub-sağalanlar və peyvənd olunanlar arasında immunitetin yavaş-yavaş azalması və xəstəliyə həssaslığın artması ilə bağlıdır:
“Vaxt keçdikcə immunitetdə zəifləmə olur. Bu da xəstəliyə olan həssaslığı artırır. Təbii ki, indi bu şəkildə artma müşahidə edilsə də, ciddi bir şey yoxdur. Payıza doğru isə yoluxmanın sürətlənəcəyi gözləniləndir. Çünki Günəşin aktivliyinin azalması, insanların evlərə çəkilməsi, havalandırmaların azalması yoluxmanın artmasına gətirib çıxara bilər.
Həkimin sözlərinə görə, Azərbaycan vətəndaşlarında infeksiyaya qarşı təbii kollektiv immunitet formalaşdığı üçün əksəriyyət xəstəliyi evdə keçirəcək. Xəstəxanaya müraciət edənlərin sayı az olacaq. Güclü məhdudiyyətlərin olacağını düşünmürəm".
M.Əliyevin sözlərinə görə, COVİD-19 infeksiyasının növbəti dalğasından əziyyət çəkmək istəməyən hər kəs peyvənd olunmalı, bütün profilaktik gigiyena qaydalarına əməl etməli, risk qrupuna daxil olan şəxslər isə maksimum dərəcədə özünü qorumalıdır”.
Həkim Aydın Əliyev isə sosial hesabında COVİD-19-la bağlı verilən bədbin proqnozların absurd olduğunu yazıb. "Covid-19" xəstəliyinin yenidən pandemiyaya dönərək bəşəriyyəti karantin qaydalarının sərtləşdirilməsinə sövq edəcəyi haqqında deyilən iddiaları isə əsassız dedi-qodu adlandırıb. Pandemiyanın birbaşa iştirakçısı və bu proseslə birbaşa mübarizə aparan həkim-ekspert bildirib ki, bizim ölkəmizdə "Covid-19" pandemiyası bitib: "Koronavirus infeksiyası artıq tarixə qovuşub! Yoluxma sayı arta bilər! Amma bu əsla və əsla pandemiyanın yenidən alovlanma anlamına gəlməməlidir. Çünki əksər insanlar yoluxub və sağalıb, ya da peyvənd edilib. Bu xəstəliyin yenidən pandemiyaya çevrilmək ehtimalı sıfra bərabərdir.
Heç bir panikaya, karantin qaydalarının tətbiqinə, sərtləşdirilməsinə, yeni karantin qaydaları tətbiq edərək insanları cərimələməyə və qorxutmağa əsas yoxdur! Xüsusən də insanları yenidən maska geyinməyə məcbur etmək və buna görə cərimələmək yolverilməzdir!
Yoluxma sayının artmasının heç bir təhlükəsi yoxdur! Çünki virus mutasiyaya uğradıqca öldürücülük qabiliyyəti demək olar ki, sıfırlanıb! Əhali 15 000 000 civarında 3 doza peyvənd edilib. Rəsmi statistikaya görə, təqribən 1 000 000 civarında insan yoluxub sağalıb, qeyri-rəsmi isə yəqin ki, təxminən bundan 3-5 dəfə daha çox insan, yəni təqribən-3 000 000-5 000 000 insan yoluxub sağalıb. "Covid-19" artıq mövsümi qrip kimi keçirilir. Əks halda gərək hər gün qripə, su çiçəyinə və digər yoluxucu xəstəliklərə yoluxanların da sayı açıqlansın. Gündəlik statistikada göstərilən ölüm sayı əsaslandırılmamış göstəricidir! İnsanın hansı xəstəlikdən dünyasını dəyişdiyini təsbit etmək üçün dəqiq pataloji anatomik müayinə aparılmalıdır, yəni meyit təşrih edilməlidir, bütün orqanlardan nümunələr götürülüb tədqiq edilməlidir! Bizdə COVİD-19 testi müsbət olduğu halda vəfat edən şəxslərdə bu müayinələr aparılırmı? Xeyr! Aparılmır! Aparılmadığı halda bütün ölkəyə belə bir statistikanın göstərilməsi məsuliyyətsizlikdir! Ona görə də statistikada göstərilən ölüm sayı qətiyyən həqiqəti və reallığı əks etdirmir!".