Xüsusilə uşaqları bu xəstəlikdən qorumaq lazımdır
Avropa İttifaqı (Aİ) meymunçiçəyi virusuna qarşı peyvənd üçün Danimarkanın “Bavarian Nordic” biotexnoloji şirkətinə icazə verib. Aİ Komissiyasından verilən məlumata görə, meymunçiçəyi peyvəndi üçün “Bavarian Nordic” şirkətinə marketinq icazəsi verilib.
Qeyd edək ki, indiyədək Aİ-nin 27 ölkəsində 8,697 yoluxma halı qeydə alınıb. Yoluxma halı ən çox İspaniya, Almaniya və Fransada, ən az isə Bolqarıstan, Latviya və Slovakiyada aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı iyulun 23-dən meymunçiçəyi virusunu Beynəlxalq İctimai Sağlamlıq Fövqəladə Vəziyyəti elan edib.
İnfeksionist Mədinə Fərəcovanın sözlərinə görə, sürətlə yayılmağa başlayan “Meymunçiçəyi" xəstəliyi çiçək virusu ailəsindəndir: “Tarixin ən qorxunc bəlası hesab olunan Çiçək xəstəliyinə bənzəyən bu virusa yoluxan insanlar xəstəliyi daha yüngül keçirir. Virus bəzən suçiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur.
Meymunçiçəyi normalda tropik Afrika meşələrində, gəmiricilərdə tapılan bir virusdur. İlk dəfə insanda tapılıb. Eyni şəkildə COVID-19-da da belə olmuşdu. Normalda yarasalarda görülən bir virus idi, ancaq ilk dəfə insanda tapılmışdı. Zoonoz bir infeksiya sayılır.
Çiçək virusu və digər çiçək virusu ailəsindən fərqli olaraq əsas fərqləndirici xüsusiyyəti limfadenopatiyanın olmasıdır, yəni limfa düyünlərinin böyüməsinin müşahidə edilməsidir.
Xəstəliyin inkubasiya dönəmi Dünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 5 ilə 21 gün arasında dəyişməkdədir.
Xəstəliyin əlamətləri temperatur, əzələ sümük, baş ağrıları, limfadenopatiya (limfa düyünlərinin böyüməsi), bədən səpgilərinin əmələ gəlməsi ilə özünü göstərir.
Poxviridae ailəsinin digər nümayəndələrindən fərqli olaraq bədən səpgilərinin özəlliyi daha böyük ölçüdə olması, içərisinin irinli maye ilə dolu olması və ətrafının hiperemik haşiyə ilə əhatələnmiş olmasıdır. İrinləmə dövründə isə xəstənin vəziyyəti nisbətən ağırlaşır və yüksək qızdırma, toksiki şok baş verir, xəstə özünü çox narahat hiss edir. Sağalandan sonra isə səpki yerində çapıqlar qalır”.
İnfeksionistin sözlərinə görə, xəstəlik COVID-19 kimi mortal, yəni ölümcül deyil. Spesifik bir müalicə metodu yoxdur, ancaq bu istiqamətdə müxtəlif araşdırmalar aparılır:
“İrəli sürülən bir sıra antiviral müalicələr var ki, meymunçiçəyinin müalicəsində müsbət effekt verib. Hələlik xəstəliyə qarşı dəstək müalicəsi aparılır. Çiçək virusu ailəsindən olduğu üçün çiçək virusuna qarşı olan peyvəndin meymunçiçəyinə qarşı qoruduğu qeyd olunur.
Çiçək virusu 1980-ci ildən sonra dünyadan tam eradikasiya edildiyinə, yəni tam yox olduğuna görə çiçək virusuna qarşı peyvənd 1980-ci illərdən sonra aparılmır.
Məhz bu səbəbdən 80-ci illərdən sonra doğulmuş şəxslər meymunçiçəyinə yoluxma baxımdan risk kateqoriyasına daxildir. 80-ci illərdən əvvəl doğulanlarda isə yoluxma faizi çox aşağıdır. İllər əvvəl çiçək peyvəndi olunan şəxslərin qanında antitellər nə dərəcə qoruyuculuq qabiliyyətində olduğunu demək çətindir.
Amma ümumilikdə həmin şəxslər meymunçiçəyinə qarşı da peyvəndli hesab olunur deyə, yoluxsalar belə yüngül keçirəcəklər”.
Həkimin fikrincə, ÜST meymunçiçəyini pandemiya elan etmiş olsa belə, COVID-19 kimi geniş yayılmayacaq: “Ancaq immunsupressiv xəstələr, immuniteti aşağı olan, hematoloji, onkoloji, qaraciyər, böyrək və s. kimi problemləri olan, transplantasiya edilmiş xəstələr və xüsusilə uşaqları bu xəstəlikdən qorumaq lazımdır:
“Bədənin hər hansısa bir yerində səpgi əmələ gəldikdə, bədən hərarətinin yüksəlməsi müşahidə edildikdə, limfadenopatiya (limfa düyünlərinin böyüməsi) müşahidə edilərsə, mütləq həkimə müraciət edilməsi, infeksion xəstəliklərinin mütəxəssisinə müraciət edilməsi məsləhət görülür”.