Son dövrlərdə Azərbaycanda dərmanların qiymətində pərakəndə və kəskin artım müşahidə olunur. Tələbatı yüksək olan dərman preparatları ya tapılmır, ya da şişirdilmiş qiymətlərə satılır. Bütün bunlar azmış kimi Tarif Şurası bir sıra dərmanların qiymətini qaldırıb. Dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15 faiz civarında bahalaşıb. Ancaq elə dərmanlar var ki, daha çox bahalaşıb. Məsələn, Medoklav dərmanının qiyməti 46 faiz artaraq 72 manata yüksəlib.
İqtisadçı-ekspert Eldəniz Əmirov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda dərmanların və digər tibbi avadanlıqların yüksək qiymətə satılmasının əsas səbəbi sözügedən sahənin idxaldan asılı olmasıdır:
"Yerli istehsalla bağlı müəyyən cəhdlər olsa da, nəticə effektsiz olub. İdxal prosesində belə rəqabət yoxdur. Ölkəyə dərman idxal edən təsərrüfat subyektlərinin sayı çox azdır. Bütün bunlar da son nəticədə dərman preparatlarının üzərinə qoyulan qiymətlərin daha yüksək olmasına gətirib çıxarır".
İqtisadçının sözlərinə görə, Tarif Şurasının dərmanların qiymətinin bahalaşdırmasının ən əsas səbəbi isə qlobal inflyasiyalar, Rusiya- Ukrayna müharibəsidir: “Ölkəyə gətirilən dərmanlar arasında Rusiyadan alınan preparatlar çoxluq təşkil edir. Müharibədən sonra da Rusiyada dərman istehsalı sahəsində ciddi problemlər ortaya çıxıb deyə Azərbaycana idxalın həcmi azalıb. Rusiyanın tibb sənayesində xammal ehtiyatının demək olar 80-82 faizi xaricdən idxal hesabına ödənirdi. Rusiyaya tətbiq olunan sanksiyalardan sonra həmin xammalın idxalında məhdudiyyətlər yaratdı deyə dərman sənayesində ciddi tənəzzül yaşanmağa başladı. Sözsüz ki, idxaldan asılı olan Azərbaycan da bu proseslərdən kənarda qala bilməzdi deyə dərmanların qiyməti sürətlə bahalaşır”.
Ekspertin fikrincə, baş verənlərdən nəticə çıxarıb yerli istehsala başlamaq lazımdır. Təbii ki, istehsal işini ölkədə təmin etmək kompleks yanaşma tələb edir.