Dərd bir deyil, iki deyil...

Bağçaların, məktəblərin açılması özü ilə problemlər gətirdi

Tədris ilinin başlanmasıyla həm körpələr, həm də məktəbyaşlı uşaqlar arasında virus infeksiyaları geniş yayılıb

  Azyaşlılar arasında xəstələnmə halları artır. İlin aktiv dövrü – tədris ilinin başlanğıcı vəziyyəti daha da ağırlaşdırır. Məzuniyyət mərhələsinin bitməsiylə işə qayıdan valideynlər uşaqlarını bağçaya yönləndirir, məktəbyaşlılar da dərsə gedir, uşaqlar arasında təmasların artması virus mənşəli xəstəliklərin yayılmasını şərtləndirir. Valideynlər bir ağızdan “uşaq evdə olanda bu qədər xəstələnmir. Elə ki bağça, məktəb açıldı, tez-tez xəstələnirlər. Analara nə qədər deyəsən ki, xəstə uşağı bağçaya, məktəbə göndərmə!” deyib narazılıq edir, amma əksəriyyət də eyni davranışı təkrarlayır. Çünki uşağı tapşıracaqları başqa bir ünvan yoxdur. İşləməksə, vacibdir.

Uşaqların tez-tez xəstələnməsinin səbəbkarı bağça və məktəbdirmi?  

  Qeyd edək ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev uşaqlar arasında geniş yayılan mövsümi infeksiyalar və əlamətlərini açıqlayıb. Nazirlikdən verilən xəbərə görə, ekspert bildirib ki, hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir. Bu xəstəliklərin hər birinin özünə xas xüsusiyyətləri var: “Rotavirus infeksiyası əsasən fekal-oral yolla ötürülür və mədə-bağırsaq sisteminin infeksion xəstəliyidir. Bu zaman xəstənin hərarət, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, iştahsızlıq kimi şikayətləri olur. 

Adenovirus isə hava-damcı və kontakt yolu ilə keçir. Mədə-bağırsaq sisteminin və üst tənəffüs yollarının infeksion xəstəliyidir. Bu zaman isə şikayətlər hər nə qədər rotavirusa bənzəsə də, xüsusi məqamlar var ki, bu xəstəlikləri bir-birindən fərqləndirmək lazımdır. Adenovirus infeksiyası zamanı ürəkbulanma, qusma, qarın ağrısı, ishal ilə yanaşı yüksək hərarət, burun axıntısı, öskürək, gözlərdə qızarıqlıq (konyuktivit) kimi əlamətlər müşahidə edilir. İnfluenza (qrip) virusu isə soyuq havalara daha davamlı virus olduğu üçün hər il payız-qış aylarında qrip xəstəliyi ilə daha sıx qarşılaşırıq. İnfluenza virusu da hava-damcı yolu ilə keçir və üst tənəffüs yollarının xəstəliyidir. Anidən başlayan yüksək hərarət (38°S-39°S), başağrısı, burun axıntısı, öskürək, boğaz ağrısı, gözlərdə sulanma, qızarıqlıq, sümük və əzələ ağrıları kimi əlamətlərlə seyr edir. Xəstəliyin gedişatı əsasən yüngül olur. Xüsusi risk qrupunda olan uşaqlarda və 1 yaşdan balaca uşaqlarda xəstəlik müddəti müəyyən qədər kəskinləşmə və ağırlaşmalar görülə bilər”. Ekspert deyib ki, infeksiyaların hər üçündə yanaşma simptomatikdir: “Müalicə yalnız əlamətlərə uyğun təyin olunur. Rotavirus və adenovirusun müalicəsi zamanı əsas məqsəd dispeptik əlamətləri aradan qaldırmaq və hərarəti salmaqdır. Valideynlərə tövsiyəmiz odur ki, belə hallarda qızdırmanı salan dərmanlardan istifadə etsinlər və bol maye qəbulunu təmin etsinlər. Əgər uşaqda qızdırmasalıcı dərmanlara tabe olmayan temperatur, maye itkisinə bağlı olaraq halsızlıq, yorğunluq, iştahsızlıq varsa, qusma və ishalın sayı gün ərzində 5-6 dəfədən çox olarsa, mütləq həkimə müraciət edilməlidir. İnfluenza (qrip) ilə yoluxmadan 24-48 saat sonra xəstəliyin ilk əlamətləri təzahür etməyə başlayır. Xəstəlik 7-10 gün davam edir. Temperaturlu müddət 3-5 gün davam edə bilər. Öskürək xəstəliyin irəliləyən dövrlərində başlaya bilər və 1-2 həftə davam edir. Qrip xəstəliyi zamanı hərarəti salmaq, burun tutqunluğunu aradan qaldırmaq, bol maye qəbulu və istirahəti təmin etmək vacib şərtlərdəndir. Bundan əlavə, valideynlər həkimlə mütəmadi əlaqə saxlamalıdırlar. Bilməlisiniz ki, qripin başlanğıcında fəsadların inkişafının qarşısını almaq ümidi ilə antibiotik qəbul etmək yanlış fikirdir. Uşaqlarda yoluxucu xəstəliklərin ağırlaşmalarının qarşısını almaq üçün istifadə olunan hər hansı bir antibiotik yalnız həkim tərəfindən təyin olduğu qayda ilə qəbul edilə bilər”. Həkim əlavə edib ki, immunitetin yaranması üçün peyvənd nə qədər önəmlidirsə, qidalanmanın da yetərli və balanslı olması çox önəmlidir. 

  Mövcud durumla bağlı fikirlərini “Şərq”lə bölüşən təcili tibbi yardım stansiyasının həkim-terapevti Şahvələd Məmmədov tədris ilinin başlanmasıyla həm körpələr, həm də məktəbyaşlı uşaqlar  arasında virus infeksiyalarının geniş yayıldığını dedi: 

- Tamamilə doğrudur ki, tam sağalmamış, immuniteti bərpa olunmamış uşağın təkrar kollektivə qayıtması həm özünə, həm də ətrafdakı uşaqlara ziyandır, təhlükədir.  Uşaq tam sağalmayıbsa, onu kollektivə buraxmaq olmaz. Bu, uşağın daha da zəifləməsinə, ola bilər təkrar hansısa infeksiya ilə yoluxmasına səbəb olacaq. Bədən zəifdir, immunitet bərpa olunmayıb, belə vəziyyətdə orqanizm, özü də uşaq orqanizmi kimi həssas orqanizmlər yoluxmaya tez məruz qalır. Xəstəlik üzərinə xəstəlik, müalicə üzərinə müalicə, uşaq yorulur, usanır, müalicə də effekt vermir.  Belə qənaət yaranır ki, uşaq il uzunu xəstədir. Halbuki, uşaqlar lazımi müalicə alsa, ev şəraitində müalicələri davam etsə, həkimin təyin etdiyi müalicəyə bir müddət rejimlə əməl edilsə, qısa zamanda tam sağalar və orqanizm üçün də heç bir təhlükə qalmaz. Uşaqlar vitaminli qidalar qəbul etməlidir, valideynlər maksimum buna çalışmalıdır. 

Yetərsiz və keyfiyyətsiz qidalanma xəstəliyə dəvətnamə göndərməyə bənzəyir. Uşaq bağçasına, məktəbə gedən balacalara xüsusi diqqət olmalıdır, onların rejimə uyğun, keyfiyyətli qidalanmaları təmin edilməlidir. Uşaq bağçalarında baxıcılar bu işə müəyyən qədər nəzarət edir. Məktəblilərlə isə valideynlər ciddi məşğul olmalıdır. Məktəbli dərsə  heç bir halda ac, qidalanmamış getməməlidir. Məktəbdən qayıtdıqdan sonra da uşağa qida və yuxu rejimi tətbiq edilməlidir. Bununla uşağın bədənini möhkəmləndirmək, immunitetini yüksəltmək mümkündür. Meyvə və tərəvəzlərə üstünlük verilməlidir.

  Gün ərzində maye qəbulu lazımi ölçülərdə olmalıdır. Meyvə və tərəvəzlər, həmçinin saf su həm orqanizmi möhkəmləndirir, həm də beynin normal çalışmasını təmin edir. Qarşıda payız-qış mövsümü var. İndidən uşaqların sağlamlığına, immunitet möhkəmliyinə fikir vermək lazımdır ki, soyuq havalarda mümkün infeksiyalardan sığortalanmış olsunlar.