Təsadüfi adamların bu sahəyə axını gələcəkdə daha çox fəsadlar yarada bilər
Ölkədə plastik cərrahiyyədən sonra stomatoloji xidmət də müzakirə mövzusuna çevrilib. Belə ki, plastik cərrahiyyədən çox sayda şəxsin zərər çəkdiyi və bir çox həkimin, əslində, bu sahədə diplomunun olmaması, yaxud saxta olması stomatoloqların fəaliyyəti ilə bağlı məsələni də aktuallaşdırıb.
Həm paytaxtda, həm də bölgələrdə addımbaşı stomatoloji xidmət göstərən məkanlara rast gəlinir. Burada çalışan ağ xalatlıların isə hansı tibb müəssisəsində təhsil aldığı, hansı ixtisasa yiyələndikləri, dişlə bağlı bütün prosedurları etmək ixtiyarında olduqları bəlli deyil.
Sözügedən mövzu ilə bağlı öz fikirlərini sosial şəbəkə hesabında paylaşan stomatoloq Tural Mirzəyev "Saxta “stomatoloq”larla bağlı 23 yanvar tarixində Analitik Ekspertiza Mərkəzində qəbulda olduğunu xatırladıb:
“Çox səmimi ortamda söhbət oldu. Hüquq şöbəsinin müdiri, şöbənin əməkdaşı və aidiyyəti şöbənin müdiri görüşdə iştirak etdi, bir çox məsələlər müzakirə olundu, tövsiyələr verildi və 2024-cü ilin mart ayında tərəfimizdən edilmiş müraciətin tam olmadığı, siyahı göndərilmədiyi halda heç bir araşdırılma aparıla bilməyəcəkləri diqqətimizə çatdırıldı. Və cavabsız qalan digər suallarımızın hər biri cavablandırıldı".
Həkim qeyd edib ki, saxta diplomlu “stomatoloq-dələduz”lar məsələsində ən son cavabdeh qurum Analitik Ekspertiza Mərkəzi deyil, çünki ortada dələduzluq faktı var və bu, cinayət predmetidir: "Bu məsələdə də eyni plastik cərrahlar məsələsində olduğu kimi hər üç dövlət qurumu - Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi birlikdə çalışmalıdırlar… Biz ilkin olaraq 25 nəfərin siyahısını adları qeyd olunan dövlət qurumlarına göndərəcəyik və 1 ay sonra media nümayəndələri üçün açıq paylaşacağıq".
Digər stomatoloq Mətləb Ələsov isə hesab edir ki, stomatologiyada müşahidə edilən problemlərin artmasında qocaman həkimlərin də çox böyük payı var: "Stomatologiya tibbin digər sahələrindən çox fərqlidir. Bu sahənin sirlərini elmi tərəfdən olmasa da, praktiki baxımdan bir həkimin əlinə baxaraq da öyrənmək olur. Ona görə də pul və ya hansısa şəxsi maraqlar müqabilində diplomu olmayan şəxslərə stomatoloq olmağı öyrətmək lazım deyil.
Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz".
M.Ələsov həmçinin hesab edir ki, sadəcə, diplomsuz həkimlərə qarşı mübarizə aparmaq problemin birtərəfli həlli olacaq. Onun sözlərinə görə, bəzi həkimlər pasiyent cəlb etmək üçün saxta marketinq üsullarından istifadə edirlər. Yəni sadəcə diplomsuz yox, diplomlu həkimlərimiz belə çox səhvlərə yol verirlər.
Bizim istəyimiz Azərbaycanda stomatologiyanın səviyyəsinin qaldırılmasından ibarət olmalıdır.
Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla isə qeyd edib ki, tibb sahəsində diplomsuz, sənədsiz fəaliyyət göstərmək hüquqi məsuliyyət yaradır. Ona görə də müvafiq qurumlar bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. İctimaiyyət də bu məsələni diqqətdə saxlamalıdır.
Professor “Sherg.az”a açıqlamasında deyib ki, tiblə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar:
“Vətəndaşlar həkimə müraciət etməzdən əvvəl həkim haqqında mütləq ətraflı məlumat əldə etməlidirlər. Həkimin təhsili və onun təhsilini təsdiqləyən sənədlər, sertifikatlar isə əlçatan olmalıdır. Dövrümüzün bəlası olan Hepatit C-nin diş müalicəsi vasitəsilə keçməsi faktı günümüzün reallığıdır. Ona görə də təsadüfi adamların bu sahəyə axını gələckdə daha çox fəsadlar yarada bilər”.
Həkimin sözlərinə görə, bu problemin qarşısını almaq üçün sertifikasiya imtahanını ləğv edib, akkreditasiya sisteminə keçilməlidir:
"Bir akkreditasiya sistemi, həkimlərin fəaliyyət lisenziyası olmalıdır. Bu lisenziyalar 5, ən çoxu isə 7 il müddətinə verilməlidir. Bu müddət keçəndən sonra isə araşdırılma aparılmalıdır. Həkimin fəaliyyəti, sağaltdığı xəstələr, iştirak etdiyi konfranslar, olduğu təcrübə mübadiləsi müəyyən edilməlidir. Dünyanın hər yerində həkimlərin işləməsi ilə bağlı məsələlər bu cür həll olunur. Bizdə isə boşluqlar var, bundan isə sui-istifadə olunur. İnsanlar həmişə nəticəni düşünmədən asan pul qazanmaq yollarına qaçırlar".