Ailənin ilk övladı niyə daha tez böyüyür?

Alimlər uzun müddətli araşdırmanın nəticələrini açıqlayıb

  Mütəxəssislər uzun müddətli araşdırmalar nəticəsində ailənin ilk övladının niyə sonrakı uşaqlardan daha tez böyüməsinin səbəbini müəyyənləşdirib. İlk övladdan sonra ailəyə daha bir və ya bir neçə körpənin gəlişi birinci uşağın beyninə güclü təsir edir. “Mən ondan əvvəl gəlmişəm. 

Mən ondan böyüyəm”, düşünən uşaqda zehni inkişafla bərabər fiziki inkişaf da sürətlənir. Bu təkcə ilk övladın eqoizmi sayılmamalıdır. 

Ata-ananın ilk övladı olmaq uşaqda şüuraltı təsir buraxır. İlk övlad özündən kiçik qardaş və ya bacısının həm də ilk baxıcısına, qulluq edəninə, eyni zamanda onun müdafiəçisinə çevrilir. Kiçik qardaş-bacısına görə qonşu uşaqlarla dalaşan, döyülən böyük qardaş-bacını heçmi görmədiniz? Əlbəttə, görmüsünüz.

Bu, ailənin ilk övladının üzərinə kimsənin deyil, şüuraltını qoyduğu təməl vəzifədir. “Qardaşını qoru, kimsə ona sataşmasın”, deməyən valideynlər də var. Sadəcə, böyük qardaş-bacı bu qoruyucu vəzifəsini əksər hallarda könüllü daşıyır. Özlərini böyük, qardaş-bacısının qoruyucusu hiss etdiklərindən ilk övladlarda tez böyümə istəyi də böyük olur və bu istək nəticəsində də onlar həqiqətən tez boy atır, ərgənliyə daha erkən çatırlar. Ailənin ilk övladında həm də özündən sonra gələn körpəyə qısqanclıq da olur.  Burada isə daha çox valideynlər günahkardır. Valideynlər bəzən fərqinə varmadan ikinci uşağa daha çox diqqət ayırır ki, bu da əvvəlki uşağın heç xoşuna gəlmir. Kiçik qardaş-bacıya qarşı aqressiv hərəkətlərə də bu qısqanclıq səbəb olur. Mütəxəssislər tövsiyə edir ki, ailəyə ikinci uşaq daxil olduqda, birincinin oyuncaqlarından, yatağından ikinci üçün istifadə etmək istəyirsinizsə, bunu birinci övladdan xahiş etməlisiniz.  

İlk övlad “ikinci gəldi, oyuncaqlarıma, yatağıma, ata-anama sahib çıxdı” düşüncəsində olmamalıdır. Ona mehribancasına “bu sənin kiçik qardaşındır, bacındır, onun sənin yatağına ehtiyacı var” söyləyərək müsbət ortam yaratmalısınız. Ailədə ikinci, üçüncü uşaqlara görə ilk övladı vəzifələndirmək də doğru deyil.

“Bu sənin kiçik qardaşın, bacındır və onu qorumaq, ata-anaya kömək etmək sənin üzərinə düşür” deyib uşağa yaşından böyük vəzifələr vermək onun uşaqlıq illərinin əlindən alınması deməkdir və bu, gələcəkdə natamamlıq kompleksinə yol aça bilər. Valideynlər hər bir övladın  sağlam şərtlər daxilində böyüməsinə, onda müsbət eqonun yaranmasına yardım etməlidir. Əgər ailənin böyük övladı istəyərək anasına körpə baxımında yardım edirsə, bu, yaxşı cəhətdir.

 Lakin heç bir halda uşağı, körpə bacı-qardaşına baxıcı təyin etməyin. O, bu işləri özü istəyərək etməlidir. Məcburiyyət qarşısında görülən iş gələcəkdə böyük qardaş-bacının kiçiklər üzərində mənasız, yersiz hökmranlığına gətirib çıxara bilər: “sənə mən baxmışam, “analıq”, “atalıq” etmişəm, haqqım ödənməz!”. Valideynlər tərəfindən böyük övladın daim tənbeh edilməsi də övladlar arasında mehribanlığı pozur. 

“Sən böyüksən, gərək qardaşına nəzarət edəydin” kimi təpkiləri böyük övladlar xoş qarşılamır və bu məsuliyyətdən yorulur, ondan xilas olmağa çalışırlar. Bu isə gələcəkdə böyük övladın kiçiklərə, lazımi məqamda yardımçı olmamasına “vaxtında onu çox qorumuşam, indi özünü müdafiə etsin” kimi zərərli vərdişlərə gətirib çıxarır.  Ona görə də hər xətanı böyük övlada yükləməkdən çəkinin. 

Övladlar valideynlərdən bərabər sevgi və bərabər də yardım görməlidir. Əks halda biri özünü digərindən daha az sevilən və daha az yardım alan hiss edəcək, bu da qardaş-bacılar arasında münasibətlərin pozulmasına səbəb olacaq.