"Türkiyə modelini əsas götürməliyik"

Mərdan Əliyev: "Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsi çox vacibdir"

"Hepatit D xəstəliyinin müalicəsi üçün il ərzində hər həftə 1 iynə vurulmalıdır. Hansı ki, qiyməti 180 manatdır. Hər həftə 180 manatlıq iynə almağa hər xəstənin maddi gücü yetərmi?!

  “Onkoloji xəstələr icbari tibbi sığorta ilə əhatə olunmayıb. Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri ilə dəfələrlə danışmışam. Bu gün ən çox narahatlıq doğuran məsələ budur. Amma onkoloji xəstəliklərin müalicəsi çox bahalıdır və ona görə də icbari tibbi sığorta bunun altına girə bilmir”. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov danışıb. O qeyd edib ki, onkoloji xəstələrin müalicəsində hazırda istifadə olunan yeni dərmanların qiyməti çox yüksəkdir. 

“Tək bu deyil. Bu gün başqa sahələr, xəstəliklər var ki, icbari tibbi sığorta bunu əhatə etmir. Doğrudur, bu gün bir sıra xəstəlikləri icbari tibbi sığorta qarşılayır. Orqan və toxuma transplantasiyasının da bir hissəsini icbari tibbi sığorta götürür. Bu, müsbət haldır. Biz növbəti dəfə İTSDA ilə müzakirələrimiz zamanı insanları ən çox narahat edən sahələri müzakirə edəcəyik”, - deyə o qeyd edib. Ə.Əmiraslanıv həmçinin onkoloji xəstəliklərin müalicəsinə dövlət büdcəsindən ayrılan vəsaitin azlığından da narazılıq edib: “Mən hər dəfə Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinə büdcədən ayrılan vəsaitin artırılması məsələsini qaldırıram. 10 ildir büdcədən ayrılan vəsait 42 milyon manatdır və bu miqdar artmır. 

Bu gün ölkədə böyük onkoloji klinikanın fəaliyyəti dayanmaq üzrədir. Çünki artıq oradakı avadanlıqların istifadə müddəti bitir. 10-15 ildir həmin avadanlıqlar dayanmadan işləyir. Amma büdcə müzakirələrində mən bu məsələni qaldıranda deyirlər, dürüstləşmədə baxılacaq və s. Amma bu vəsait artmır. Digər tərəfdən, büdcədən vəsaitin artması ilə bu problemin həlli mümkün deyil. Bunun həlli onkoloji xəstəliklərin də icbari tibbi sığorta vasitəsilə qarşılanmasıdır. Bu məsələ öz həllini tapmalıdır”.

  Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun onkoloji xəstəliklərin hələ də icbari tibbi sığorta zərfinə daxil edilməməsindən doğan narahatlığının əsaslı olduğunu bildirdi:  

- Əlbəttə, bütün xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməsi əla olardı. Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsi isə xüsusilə çox vacibdir. Əvvəla, bu, böyük savab iş olar. Ona görə ki, onkoloji xəstəliklərdən ölüm göstəriciləri böyükdür. Bu xəstəliklər böyük məsrəf tələb edir. Onkoloji xəstəliyin müəyyənləşməsi birdən-birə ailə faciəsinə çevrilir. Bunu təsəvvürə gətirmək belə ağırdır.  Xəstə bilmir, sağalacaq, ya yox. Özü də əziyyət çəkir, ailə üzvləri də. Müayinələr, müalicə kursu, kimya terapiya, əməliyyatlar... bunlar hamısı böyük xərc, böyük vəsait hesabına başa gələn məsələlərdir. Hər xəstənin buna maddi imkanı çatmır. Hepatit D xəstəliyi də həmçinin, böyük məsrəf tələb edir. Bu xəstəliyə qara ciyərdəki virus səbəb olur, virus qara ciyər üçün dağıdıcıdır. Nəticədə serroza çevirir. Bu xəstəliyin müalicəsi üçün il ərzində hər həftə 1 iynə vurulmalıdır. Hansı ki, qiyməti 180 manatdır.  Hər həftə 180 manatlıq iynə almağa hər xəstənin maddi gücü yetərmi?!. Məhz məsrəf nəzərə alınmaqla bu xəstəlik də icbari tibbi sığortaya daxil edilməlidir. 180 manat bir ailə üçün böyük xərcdir, amma dövlət üçün böyük hesab edilməz. Dövlət bu məsrəfi qarşılamaq gücündədir. Çünki Hepatit D o qədər də geniş yayılmış xəstəlik deyil. Ümumilikdə, səhiyyə komitəsi sədrinin də dediyi kimi bütün xəstəliklər, xüsusən də onkoloji xəstəliklər icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Yəqin ki, zaman-zaman biz bunun şahidi olacağıq. 

  Həkim qeyd etdi ki, Onkoloji Mərkəzə dövlət büdcəsindən ayrılan vəsaitin artırılması zəruridir: 

- Professorun dediyi kimi, daha dərin, ətraflı, daha mükəmməl müayinə üçün müasir avadanlıqların alınması və ondan istifadənin də icbari tibbi sığorta paketinə daxil edilməsi şərtdir. Əks halda onkoloji xəstələr bu avadanlıqla müayinə oluna bilməyəcək, qiymət yüksək olacaq. Hesab edirəm ki, icbari tibbi sığortada Türkiyə modelini əsas götürməliyik. Uzun illərdir ki, Türkiyədə bu sistem tətbiq edilir, təcrübələri böyükdür.