Vətəndaşlar ailə həkimlərini yaşadıqları ərazi üzrə seçəcəklər


Bu institutun yaranması cəmiyyətin sağlam inkişafına böyük təsir göstərəcək

  Millət vəkili, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Ailə həkimi” haqqında qanun layihəsinin hazırlanmasını təklif edir. Millət vəkili hesab edir ki, Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə TƏBİB birgə çalışaraq qanun layihəsini hazırlamalıdır. Komitə sədri ailə həkimi nədir, bunun əhaliyə nə xeyri olacaq, hansı üstünlükləri var, bu haqda danışmayıb. Amma son illər səhiyyə sahəsində aparılan islahatlar, icbari tibbi sığortanın tətbiqi ailə həkimi institutunun da formalaşmasına şərait yaradıb. 

Məsələn, hazırda dövlət xəstəxanasında müalicə almaq istəyən vətəndaşa ərazi üzrə poliklinika şöbəsi uyğun göndəriş verməlidir. Bu göndərişi isə ərazi müalicə həkimi tərtib edir, vətəndaşın mövcud sağlamlıq vəziyyəti əsasında. Anlaşılan, ailə həkimi, bildiyimiz sahə həkimi – “uçastkovı” həkimdir. Sahə həkimləri öhdələrinə verilmiş ünvanlar üzrə vətəndaşları, əksər hallarda tanıyır, çünki hər kəs öz sahə həkimini tanıyır və adətən məhz ona müraciət edirlər.  Şəxsin səhiyyə kitabçası da sahə həkiminin əlinin altında olduğundan pasiyentin keçirdiyi xəstəliklər, aldığı müalicələr barədə məlumatlı olur. Məsələ bu qədər aydın olduğu halda “Ailə həkimi” haqqında qanunun qəbuluna  ehtiyac varmı? 

  Bu barədə “Şərq”ə danışan həkim-terapevt Elvira Mirzəyeva qeyd etdi ki, “Ailə həkimi haqqında” qanunun qəbulu ailə həkimi institutunun yaranmasına xidmət edəcək: 

- Ailə həkimi ali tibbi təhsil almış, əhaliyə (cinsindən, yaşından və xəstəlik növündən asılı olmayaraq) ilkin profilli tibbi-sosial yardım göstərməyə hüquqi səlahiyyəti olan mütəxəssislərə deyilir. Başqa sözlə, ailələr bütün xəstəliklərini ailə həkimlərinə etibar edə bilirlər. Ailə həkimi öz xəstəsini uzun illər nəzarətdə saxlayır və onun keçirdiyi bütün xəstəliklər barədə məlumatlı olur. Bir sözlə, ailə həkimi ailəyə xidmət edir və o, ailənin etibarlı həkimi olur. Ailə həkimi tibbin bütün sahələrindən xəbərdar olmalı, pasiyenti olan ailənin bütün üzvlərinin sağlamlıqla bağlı problemlərinin həllində iştirak etməlidir. Ailə həkimi müəyyən müddətdən sonra ailənin bir üzvünə çevrilir və həmin ailənin xəstəlik problemləri də nəzərəçarpacaq dərəcədə azalır. Çünki ailə həkimi ailədə olan vərdişlərdən, genetikada olan problemlərdən xəbərdar olduğundan vaxtında profilaktik tədbirlər görə bilir. Həmçinin həmin ailənin düzgün qidalanmasına yardımçı olur. Bu da öz növbəsində qidalanma ilə sıx şəkildə bağlı olan xəstəliklərin azalmasında özünü büruzə verir. Ailə həkimi ailə üzvləri ilə yaxın olduğundan bu ailədəki münasibətlərə də yaxşı bələd olur. Bu xüsusiyyət onun ailənin psixoloqu rolunda da çıxış etməsinə kömək edir. Ailə həkimindən yüksək ixtisaslı peşəkar mütəxəssis olmaqla yanaşı həm də pasiyentlərlə sadə dildə danışmağı bacarmaq, müayinə və müalicənin bütün etapları haqqında dolğun məlumat vermək, xəstəni “eşitmək” talantına sahib olmaq da tələb olunur.

  E.Mirzəyeva qeyd etdi ki, ailələr öz həkimlərini yaşadıqları ərazi üzrə seçəcəklər.

- Ailə həkimi ambulator xidmət göstərəcək, lazım gəldikdə stasionar müalicə təyin edəcək, xəstəni müalicə müəssisəsinə yönləndirəcək. Əvvəllər bu işi sahə həkimləri yerinə yetirirdi. İndi isə ailə həkimləri olacaq. Hesab edilir ki, ailə həkimi institutunun formalaşması əhalinin sağlamlığının təminində və cəmiyyətin sağlam inkişafında böyük əhəmiyyət daşıyacaq. 
  E.Mirzəyeva bildirdi ki, ailə həkimi təkcə terapevt deyil, nervopotoloq, pediatr, travmatoloq, onkoloq, oftalmoloq... qısası, tibbin əsasını  təşkil edən sahələri bilməlidir. Qardaş Türkiyədə tibb ixtisası üzrə - ali baza təhsili sahəsində təhsil alanlar rezidentura pilləsində ailə həkimi kimi formalaşırlar. Hərtərəfli tibbi biliyə malik olurlar. Müsbət haldır ki, Azərbaycan Tibb Universitetində ailə həkiminin hazırlanması ilə bağlı fəaliyyətə başlanılıb artıq.