Yağışda gəzə bilmir


Bu qızın göz yaşına, hətta bir damcı saf suya da allergiyası var

  Toza, tükə, şirniyyata, sitrus meyvələrinə allergiyası olanlar məlum idi, amma kiminsə yağış suyuna, göz yaşına, hətta adi, saf  suya da allergiyası ola biləcəyi ağlagəlməzdir. Su allergiyası nadir rast gəlinən xəstəlikdir. Lakin dünyada bu xəstəliklə yol yoldaşı olan insanlar var. Hazırda dünyada bu qəribə allergiya əlaməti ilə 100 insan yaşayır. Əlbəttə, bu, normal yaşayış sayılmaz. Və bu insanların yaşayışı həqiqətən çox zordur. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, ABŞ-ın Missuri əyalətinin sakini, 14 yaşlı  Sadie Tessmer su allergiyası ilə mücadilə aparır. 

Yağış damcısı bədəninə düşərsə, həmin an dərisi qızarır və ağrı verir. Problem təkcə yağış suyuyla bitmir. Qızın istənilən molekulyar tərkibdə suya qarşı allergiyası var. Bu, adi su da ola bilər. Göz yaşı da. Sadieyə ağlamaq yasaqdır. Əgər bir damcı göz yaşı yanağına dəysə, yenə üzü qızaracaq, qızartılar ona ağrı verməyə başlayacaq. Gənc qız bu xəstəlik səbəbindən küçəyə çıxmaqdan ehtiyatlanır, gəzməyə çıxmır, adi suyu da damcıtökənlə (pipetka) içmək məcburiyyətindədir, adi su belə dodaqlarına dəyməməlidir. 

 Sadie “su bədənimə dəydikdə, sanki üzərimə benzin töküb yandırırlar” deyir. Sadie suya qarşı allergiyası yarandığını bir neçə il əvvəl hiss edib. Çimib çıxdıqda bədəninin qızardığını görüb, anası isə zarafatla “sən bundan sonra daha duş altında dayanma, yuyunmağa allergiyan var”, deyib.

 Ananın zarafata saldığı isə demə, həqiqət imiş. Hər dəfə çimib çıxdıqda qızının eyni vəziyyətlə qarşılaşdığını görən ana, nəhayət onu həkimə aparıb. Həkim müayinəsi zamanı Sadienin nadir rast gəlinən xəstəliyə tutulduğu müəyyənləşib. 

Sadie məktəbə də gedə bilmir, çünki tərləsə və su içmək istəsə, uşaqların yanında utanacaq. Tərləsə bədəni, su içsə dodaqları “alışıb yanacaq”. Sadie “özümü çox yalnız, tənha hiss edirəm”, söyləyib. Sadienin anası isə allerqoloq həkimlərdən və dermatoloqlardan bu xəstəliyə bir əlac tapmalarını xahiş edir.