Nəzarət edən yoxdur

Toylarda zəhərlənmələr ən çox salatlardan baş verir

“Elə salatlar var ki, onların saxlanma müddəti 3-4 saatdır, amma onu təkrar istehlakçıya qaytarırlar”



Ölkədə kütləvi zəhərlənmələrin sayı artıb. Xüsusilə bölgələrdə tez-tez qida zəhərlənmələri baş verir. Belə ki, ötən gün Şəki şəhərində keçirilən toy məclisində qida zəhərlənməsi baş verib. Hadisə rayonun Şin kəndində keçirilən toyda olub. Rayonun  Baş Göynük kənd sakinləri - 1958-ci il təvəllüdlü Əsgər Qara oğlu Əsgərov, 1961-ci il təvəllüdlü Sənyarə İbrahim qızı Aslanova, 1975-ci il təvəllüdlü Vüsalə Sabir qızı Aslanova, 1953-cü il təvəllüdlü Rəcəb Şərif oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Bahar Musa qızı Cəfərova, 1962-ci il təvəllüdlü Surayə Həsən qızı Cəfərova, eyni zamanda, Balakən rayon sakini 1958-ci il təvəllüdlü Hidayət Həsən oğlu Aydəmirov və qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. 

Onlardan müvafiq nümunələr götürülüb və evə buraxılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən şadlıq sarayına baxış keçirilib: “İstifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib. Xəstəxanaya müraciət edən 7 nəfərin hər birinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb və hazırda faktla bağlı araşdırma aparılır”.

  Toy sahibinə bir neçə min manata gələn şadlıq məclisində verilən yeməklərin sonunda qonaqların sağlamlığı bahasına başa gəlməsi də günümüzün reallığıdır.

  Toylarda tez-tez baş verən zəhərlənmə halları haqda danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, toylarda olan elə salatlar var ki, onların saxlanma müddəti 3-4 saatdır, amma buna nəzarət edən yoxdur.
  Ekspert bildirib ki, bu sahəyə müvafiq qurumların ciddi nəzarət etməsi vacibdir: "Azərbaycan toyları istehlakçıların kütləvi, tədrici və ya qəfil zəhərləndiyi yerlərdir. Toylarda iş başlayan zaman dövlət məmurunun işi qurtarır. AQTA yaranan gündən biz təklif etmişik ki, cəld reaksiya mexanizmi yaratmaq lazımdır. Bu saat vəziyyət elədir ki, təhlükəli qida satılırsa, kimə zəng vurursan, vur, heç bir mexanizm yoxdur ki, onun qarşısını alsın. AQTA kimi çox böyük səlahiyyətlərə malik olan bir qurum olduğu vaxtda ona görə bu hadisələr baş verir ki, AQTA əlində sertifikatlaşdırma funksiyasını birləşdirir, yəni sertifikatlaşdıran orqan müstəqil olmalıdır.  

Toyxana qida zəncirində iştirak edən bir subyektdir. Onlar AQTA tərkibində reyestrə daxil olurlar və onlara sertifikat verilir. Sonra da zəhərlənmə hadisəsi olanda AQTA sertifikatını masanın üstünə qoyub deyir ki, bunu sən vermisən, yəni özü-öz sertifikatını təkzib edə bilməz. Ona görə də biz həmişə təklif etmişik ki, sertifikat verən orqan müstəqil olsun, müstəqil ekspertiza məhkəmələrdə tanınsın. Amma çox təəssüflər olsun ki, bunlar yoxdur və nə qədər belə olacaq, zəhərlənmə hadisələri da baş verəcək. 

  Toylarda olan elə salatlar var ki, onların saxlanma müddəti 3-4 saatdır, amma buna nəzarət edən yoxdur. Ölkədə vaxtı keçmiş qidaların son ünvanı yerli istehlakçılardır. 

Biz təklif etmişik ki, vaxtı keçmiş qidalar istehsalçıya qaytarılmasın, əksinə, birbaşa məhv edilsin. Təəssüf ki, bu məsələlər həll olunmur və ona görə də bu kimi problemlər yaşanır”.