Füzuli Hüseynov: "Bu gün ən çox əks-təbliğat qırmızı ət üstündə qurulub"
Adil Qeybulla: "Bəzi insanlar çox qida qəbul etdikləri üçün doyma hissini itirirlər"
Son vaxtlarda qırmızı ətin ziyanı barədə həm yerli, həm də dünya mətbuatında çoxsaylı informasiyalar yayılmaqdadır. Ekspertlər qırmızı əti risk daşıyan qida siyahısına salaraq onu arsen, alkoqol və asbest maddələri ilə müqayisə edirlər. Ən əsası xərçəng xəstəliyinin son illərdə dünyada geniş vüsət almasının səbəblərindən biri kimi qırmızı ət də göstərilir. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, gün ərzində 50 qram qırmızı ət məhsulunun qəbulu bağırsaq xərçəngi riskini 18 faiz artırır. Azərbaycan kulinariyasında isə ət yeməkləri vazkeçilməz qidalardan biridir və çox istifadə olunur. Məsələn, yağlı qoyun ətindən hazırlanan yeməklər, kabablar bir çoxumuzun qida rasionumuzdan çıxarda bilməyəcəyimiz təamlardır.
Türkiyəli həkim Canan Karatay əti közləmə bişirməyi tövsiyə edir. Onun sözlərinə görə, əti düzgün bişirmədikdə faydalı maddələri itir: “Ət soyuducudan çıxarıldıqdan sonra bir müddət saxlanılmalı və manqalda bişirildikdən sonra ona duz səpilməlidir. Tava kabablarında darçın və ya mixək istifadə edilə bilər. Qara istiot istənilən ətə yaxşı dad verir. Saxsı qablarda ət az yağ əlavə edilərək vam odda heç bir su əlavə olunmadan, buraxdığı su çəkilənə qədər bişirilir. Ətin rəngi tündləşməməlidir. Ət əgər tək bişirilirsə ona çox az isti su əlavə edilməlidir. Duzunu isə öncədən atmaq olmaz, çünki duz onu sərtləşdirəcək.
Proteini artırmaq üçün ətə müxtəlif tərəvəzlər (kərəviz, kök, soğan, sarımsaq və.s.) əlavə edə bilərsiniz. Ətlər sobada tərəvəzlə birgə bişirilərsə həm yumşaq olar, həm də vitaminlərini itirməz. Ən düzgün bişirilməsi də yağsız sobada bişirməkdir.
Fitoterapevt-həkim Füzuli Hüseynov isə ət əleyhinə kampaniyaların maraqlı qüvvələrə xidmət etdiyini deyib. Bu gün dünyada ət əleyhinə misilsiz bir kampaniya başlayıb, hətta bəzi elm adamlarımız fəxrlə "mən ət yemirəm" deyir və geniş təbliğat aparırlar, amma onların hamısı ət yeyir: “İnsan bədəninin təməl daşları amin turşularıdır. Amin turşuları bizim məhv olmuş toxumalarımızın yenilənməsində və yeni hüceyrələrin əmələ gəlməsində iştirak edirlər. Amin turşular zülallardan əmələ gəlir, deməli, bizim orqanizmimizə zülallar çox lazımdır, zülalların isə əsas mənbəyi ətdir. Ət orqanizm üçün ən faydalı qidadır. Deyə bilərsiniz ki, zülallar bitkilərdə, əsasən ləpəlilərdə də var. Amma bitkilərdəki zülallar heyvani zülallar qədər tam parçalanmır. Əgər insan uzun müddət ət yeməzsə və bədənin tələb etdiyi zülalları bitkilərdən alarsa, onda həmin insanda ödemlər (şişmələr) əmələ gələcəkdir, bunun səbəbi də bitki zülallarının natamam parçalanması və mənimsənilə bilməməsidir”.
Həkimin sözlərinə görə, ətin tərkibində dəmir, sink, fosfor, kalium, kalsium və s. minerallar vardır. Həmin minerallar bitkilərin də tərkibində var, lakin liflərlə birgə olduğundan ət qədər sorula bilmir: “Bu gün ən çox əks-təbliğat qırmızı ət üstündə qurulub, yəni qoyun və mal ətləri. Əgər insan qırmızı ət yeməzsə, onda güclü əzələ qıcolmaları baş verəcək. Bu isə qanın birdən-birə sürətlə beyinə yüksək təzyiqlə axması ilə nəticələnəcək, sonda beyin hüceyrələrinin məhv olmasına səbəb olacaq. Ən son araşdırmaların nəticəsini nəzərinizə çatdırıram: heyvani mənşəli yağlar beynimizdə dövr edən qanın sürətini tənzimləyir. Ətin tərkibindəki yağların 96 faizi, zülalların isə 95 faizi yavaş-yavaş sorulur. Mədəyə düşmüş ət gec sorulduğundan bizim uzun zaman tox qalmamıza səbəb olur. Hər bir şeyin bir norması olduğu kimi aşırı miqdarda ət yeməyin də fəsadları var. Ətin tərkibində lif yoxdur, buna görə də çox ət yeyən insanlarda qəbizlik halları olur, həmçinin şəkərə və təzyiq xəstəliyinə tutulma riski çoxdur”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə "Şərq"ə ət yeməklərinin qəbulunun müəyyən məhdudiyyətlərlə olmasının vacib olduğunu deyib:
"Doymamış yağ və əvəzolunmaz amin turşularının çoxu bədəndə istehsal olunmur. Bunlar ancaq xaricdən alınmalıdır. Yəni ancaq qida vasitəsi ilə bədənə daxil olmalıdır. Heyvan mənşəli və bitki mənşəli zülallar var. Sadəcə olaraq, ət yeməklərinin qəbulu müəyyən məhdudiyyətlərlə olmalıdır.
Bizim qəbul etdiyimiz ət qidası orqanizmin tələbatından qat-qat artıqdır. Bəzi insanlar çox qida qəbul etdikləri üçün doyma hissini itirirlər və nəticədə qida həmin adamın ziyanına işləyir.
Ona görə də qida qəbulunu kifayət qədər məhdudlaşdırmaq lazımdır. Birdəfəlik ət qidalarından imtina düzgün deyil. Onların tərkibində əvəz olunmayan amin turşuları orqanizm üçün vacibdir. Ona görə də arıqlamaq məqsədi ilə və ya uzun müddət aclıq keçirənlərdə psixi dəyişikliklərin olması da bəzən bununla izah olunur.
Biz adekvat qidalanmalıyıq. Adekvat qidalanma da insanlar qidalanma mədəniyyətinə uyğun olaraq həddən ziyadə olmamaq şərti ilə normal, insanın aktiv hərəkətinə mane olmayacaq dərəcədə qida qəbulu yetərlidir".