Analara "südsüz" damğası vurulur

Pediatr uşaq qidalarına qarşı mübarizəyə başlayıb

Bəzi klinikalar, vicdansız və rüşvətxor həkimlər "uşaq yeməkləri biznesinə" bilərəkdən şərait yaradırlar

  Pediatr Aytən İsmayılzadə xəstəxanalarda “uşaq yeməkləri biznesi”ndən danışıb. “Talk TV” İnternet televiziyası vasitəsilə gənc analara müraciət edən pediatr yeni doğulan körpələri ilk gündəncə ana südü ilə qidalandırmağı tövsiyə edib: 
- 10 il əvvəl mən gördüm ki, artıq doğum evlərinə süni qida şirkətləri pul təklif etməyə başladılar. O vaxt 2 manat hər süni qida verilən uşağa təklif edilirdi. Bu həm doğum evlərində, həm də poliklinikalarda həyata keçirilirdi. O zaman doğum evlərində uşağı süni qidada saxlamağa həkimlər məcbur etmirdilər. 2 manata görə həkimlik şərəfini çox da kirləndirmirdilər. Amma bugünkü gündə 2 manat böyük pullara çevrilib. 

Həmin böyük pullar şöbə müdirlərinin, özəl klinikaların baş rəhbərlərinin ehtiyaclarını qarşılamağı miqyasında genişlənib.  Uşaq süni qidaları həkimlərə maaş, faiz şəklində verilir. Hər bankaya görə 20-30 manat verilir. Yəni burada çox böyük pullar oynayır. Bir süni qida şirkətini üzə çıxartmaq, monopoliya yaratmaq üçün daha çox pullar təklif olunur. Bunları görən azərbaycanlı həkimlər, günü-gündən doğulan uşaqlara süni qida bankası, qutusu, pul şəklində baxır. Və hər doğulan uşaq ilk saatlardan ana südü verilməli olduğu halda çox böyük ciddi qanun pozuntusuna yol verilərək onlara süni qida verilir. Qanunumuzda da bu yer alır. Səbəbsiz yerə süni qida verilməsi qanun pozuntusudur”.

  Pediatr qeyd edib ki, süni qidanın səbəbsiz yerə verilib-verilməməsini araşdıraraq, soruşaraq öyrənmək olar: 

- Mən qəbuluma gələn analardan bunu soruşuram. Hamısı deyir ki, ilk gündən süni qida verildi. Bu cavablar nə qədər çoxdursa, həkimlərin daha çox yalan danışmağına  sübutdur. Çünki bu qədər çox sayda ananın südünün olmaması mümkün deyil. Qadın ana oldusa, onun südü də olur. Hamilələyin ilk günlərindən qadının orqanizmində vacib proseslər başlayır, onlardan biri də südün əmələ gəlməsi hazırlıqlarıdır. Təbiət özü qadını südverən yaradıb. Sadəcə, analar körpəyə süni qida verilməsinə  təhrik edilir. “Südsüz” damğası vurulan analar var. Bu damğanı vuran vicdansız və rüşvətxor həkimlərdir. Mənim buna qarşı olan mübarizəm davam edir və edəcək də. Əvvəllər sadəcə ümumi məlumat verirdim. Amma indi konkret klinikaların, həkimlərin adını çəkərək, reseptləri, blankları göstərərək davam edəcəyəm. 

  Pediatr bildirib ki, bəzi klinikalarda ikili oyun aparılır:

- Həm südvermə üzrə məsləhətçi, həm də süni qidalar verilir. Bu da əlbəttə ki, insanların gözündən tor asmaq kimi bir şeydir. İlk qurbanlar həmişə təcrübəsiz analar olur. Amma halbuki hər bir qadın doğuma qədər südverməyə də hazırlaşdırılmalıdır. İlk saatdan ana südü verilməli, dəri dəriyə təmas edilməlidir ki, prolaktin artsın, bədən buna öyrəşsin. Bu, təbiətin bir qanunudur. Amma təbiətin qanunlarını ciddi şəkildə pozuruq. Uşağı bələyib anadan uzaqlaşdırırıq, təkcə körpəsini öpür, “selfie” edir verir. Sanki övladın dünyaya gəlməsinə təbiətin möcüzəsi deyil, həkimin möcüzəsi kimi baxılır. Amma əfsuslar olsun ki, neonatoloq süni qida verməklə uşağın bütün biotonunu ilk gündən pozur, immunitetinə zərbə vurur. Onun fəsadlarını pediatrlar sonradan çox yaxşı görür. Mənim süni qida ilə mübarizəmə dəstək olan pediatrlar çox azdır, neonatoloqlar isə heç yoxdur. Neonatoloqlar ancaq mənim əksimə məqalələr paylaşır. Pediatrlara da bu sərf etmir. Çünki doğum evinə gələn smeslərdən faiz qazanırlar. Poliklinikada isə vəziyyət belədir ki, ananın südünün sonradan azalması başqa məsələdir, amma elə doğum evindəcə süni qidanın verilməsi çox böyük cinayətdir. Bütün doğum evlərində müəyyən bir süni qidanın monopoliyası var.

  A.İsmayılzadə hətta firma rəhbərlərini də doğum evlərindən uzaqlaşmağa çağırdığını bildirib: 

“Amma onlar “ağılları olsun verməsinlər. Bizim qidanın üzərində ana südü daha vacibdir sözü yazılıb”, deyirlər. Buna vasitəçi olan həkimlərdir. Bu işə dövlət müdaxiləsi olmalıdır. Yoxsa xəstəliklərin sayı artacaq, ana südü azalacaq. Süni qida inək südündən hazırlanır və orqanizmə yad olan allergik zülallarla doludur. Əgər ana südü yoxdursa, heç olmasa, donor südü verilsin ki, süni qida aradan qaldırılsın”. 

  Xatırladaq ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov Azərbaycanda ana südü ilə qidalanma səviyyəsinin aşağı olduğunu bir müddət əvvəl bildirmişdi. Pediatr qeyd etmişdi ki, süd verən analarda doğum sonrası depressiya riski çox aşağı olur, südvermə zamanı ifraz olunan hormon sayəsində uşaqlığın yığılması sürətlənir, eyni zamanda, südvermə qadınlarda döş xərçənginin qarşısını alır. Həkim əlavə edib ki, bəzən analar südünün az olmasından şikayətlənirlər: “Amma unutmaq olmaz ki, uşağın mədəsi çox kiçikdir. 10 milli qədər süd varsa belə, bu, uşaq üçün olduqca faydalıdır. Bəzi miflər var ki, qeysəriyyə əməliyyatından sonra süd gəlmir. Bunun qeysəriyyəyə aidiyyəti yoxdur. Qidalanmaya gəldikdə isə çox yeməkdənsə, sağlam qidalanma və bol maye qəbulu tövsiyə olunandır”. Erkin Rəhimov vurğulayıb ki, 1980-ci illərə qədər ana südü ilə yanaşı, uşaqlara su da verilirdi: “Lakin buna ehtiyac yoxdur. Yeni doğulmuş uşağın mədəsi tez genişlənir. Və doyma hissi tez yarana bilər. Beləliklə, uşaq yeməkdən imtina edə bilər. Ana südünün tərkibi 88 faiz sudan ibarətdir. Ana südünün tərkibində uşaq üçün lazım olan bütün vitaminlər var, təkcə D vitaminindən başqa”. 

  Pediatr Vaqif Qarayev də "Şərq”ə açıqlamasında körpə uşaqlar üçün ən məsləhətli qidanın ana südü olduğunu deyib:

- Bu bizim bitməyən dərdimizdir. Vicdanlı həkim gənc anaya heç vaxt məsləhət görməz ki, körpəyə süni qida versin. Vicdansızlarsa, həmişə olub. Birmənalıdır ki, ana südü əvəzsizdir. Ananın südü varsa, süni uşaq qidalarından istifadə etmək absurddur. Süni qidalardan yalnız istisna hallarda, ananın südü ümumiyyətlə yoxdursa, körpə anasızdırsa və ona süd anası tapılmırsa, istifadə edilməlidir. Süni qidalar əslində bu məqsədə xidmət etməlidir, amma təəssüf ki, az qala hər gənc ana körpəsini ilk günlərdən “südüm azdır, körpə ac qalır, doymur”, deyərək süni qidalarla qidalandırmağa başlayır. Ananın südü ola-ola, süni qida təklif edən həkimlərimiz var. Bu isə artıq mənəvi cinayətdir. Xüsusən də doğum evlərində südü olan analara belə, süni qidalar məsləhət görürlər. Buna səbəb də həkimlərlə firmaların anlaşmasıdır. Bunu bütün ölkə bilir, gizlətməyin heç bir mənası yoxdur. Amma xoşbəxtlikdən bu tendensiya sistem şəklini almayıb. Gözüaçıq analarımız var ki, haqlı olaraq həkim “məsləhətinə” qulaq asmırlar. Axı ana südü ola-ola körpəni niyə süni qarışıqlarla qidalandırmalıdır?! Elə analar da var ki, özləri körpələrini qidalandırmaqdan imtina edirlər. Belə halda isə ananın daşıdığı məsuliyyət həkiminkindən qat-qat artıqdır.

 Sözün açığı, südü olduğu halda, bunu uşağından əsirgəyən qadına mən ana demirəm. Yalnız o halda uşağa süni qida verilə bilər ki, ananın ümumiyyətlə südü olmasın. Gənc ana üçün hamiləlik bir başqa, doğuş bir başqa psixoloji basqıdır. Ümumiyyətlə, birinci doğuşdan sonra ilk günlərdə ananın südü az ola bilər, lakin bu o demək deyil ki, ananın ümumiyyətlə südü yoxdur. Bu işdə tibb personalını da günahlandırıram. Doğum evlərində ilk gündəcə körpəyə süni qida verilir, bu, düzgün deyil. Psixoloji olaraq anaya kömək etmək lazımdır ki, qidasına, yuxu rejiminə fikir versin, gərgin həyat tərzi keçirməsin

Bəzi məqamları çıxmaq şərti ilə əksər hallarda ananı südvermə prosesinə hazırlamaq lazımdır. Çünki ana hazırlıqsızdır, o bilmir ki, uşağa necə qulluq etmək lazımdır. Əvvəlcə analar bunları bilməli və körpəyə lazımi şəkildə qulluq etməlidirlər.