Uşaqların ölçülü ykməklərinə diqqət yetirmək lazımdır
"Uşaqlıq və yeniyetməlik dövründə daha çox tip 1 şəkərli diabetə rast gəlinir". Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova deyib.
O bildirib ki, bu tip şəkərli diabet poligen multifaktorlu xəstəlikdir. Əsasında insulinin mütləq çatışmazlığına gətirib çıxaran mədəaltı vəzin β-hüceyrələrinin immunasıllı və ya idiopatik destruksiyası durur: "Uşaq yaşlarında tip 2 şəkərli diabetə də rast gəlinir. Onun rastgəlmə tezliyi bu yaş dövründə əlbəttə ki, tip 1 şəkərli diabetə nisbətən az olur. Şəkərli diabet tip 2 əsasən insulinə rezistentlik və nisbi insulin çatmazlığı ilə yaranan karbohidrat mübadiləsinin pozulmasıdır.
Xəstəliyin hər iki tipinin yaranmasında irsi meylliliyin böyük rolu var. Tip 1 şəkərli diabeti yaradan patoloji genlər 6-cı xromosomun qısa çiynində yerləşir. Tip 2 şəkərli diabetə meylliliyi yaradan genlər 11-ci xromosomla bağlıdır. Əlbəttə, xəstəliyin başlanması üçün hər halda müxtəlif faktorlar lazımdır. Onlar təkan rolunu oynayır. Şəkərli diabet tip 1 üçün təkanverici faktor kimi virus infeksiyaları durur. Bu, müxtəlif viruslar ola bilər. Şəkərli diabet tip 2 üçün təkanverici faktor kimi artıq çəki, piylənmə, stress və s".
Ekspert vurğulayıb ki, xəstəliyin hər iki tipinin əlamətləri eyni ola bilər: "Ağızda quruluq, susuzluq, tez-tez sidiyə getmə, ümumi zəiflik, yorğunluq ola bilər. Tip 1 şəkərli diabet zamanı əlavə olaraq arıqlama, aclıq hissi, əsəbilik, yuxusuzluq ola bilər.
Tip 2 şəkərli diabet zamanı əlavə kökəlmə, piylənmə, gün ərzində bir neçə dəfə səbəbsiz güclü aclıq hissi ola bilər. Tip 1 şəkərli diabet diaqnozu gec qoyulanda (həkimə müraciət gecikəndə) xəstələrdə ketoasidotik vəziyyət və ketoasidotik koma yarana bilər. Ketoasidotik vəziyyət zamanı bütün deyilən şikayətlər kəskinləşir və əlavə olaraq ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin ağrılar, nəfəsdən aseton iyi gəlir, ağır formalarda huşun itməsi olur. Müalicə gecikdiyi halda tip 2 şəkərli diabetdən əziyyət çəkənlərdə piylənmə dərəcəsi arta bilər".
Pediatr-endokrinoloq Leyla Sultanova “Şərq”ə açıqlamasında şəkərli diabet tip 1-in qarşısı alınmayan bir xəstəlik olduğunu deyib. Onun sözlərinə görə, bəzən valideynlər düşünür ki, uşaq şəkərli qidaları çox yediyi, yaxud artıq çəkili olduğu üçün bu xəstəliyə tutulur: “Halbuki tip 1-in bütün bunlarla heç bir əlaqəsi yoxdur.
Tip diabet insulindən asılı diabet də olaraq tanınır ki, bədəndə insulinin olmaması ilə meydana çıxan xəstəlikdir. Şəkərli diabet çox su içmə, çox sidiyə çıxma, gecə sidik qaçırma və çəki itirmə ilə təzahür edən xəstəlikdir. Vaxtında müalicə edilmədikdə koma və ölümlə nəticələnə bilər.
Müalicəsində isə üç ana ünsür var ki, bütün bu prosedurlar birlikdə aparılmalıdır. İnsulini yerinə qoyma, bəslənmə və karbohidrat qəbulu və idman müalicəsi. Şəkərin ölçülməsi, insulinin müəyyən olunmuş nahiyələrə vurulması, şəkər yüksəkliyi və düşüklüyü anında ilk yardım kimi müddəaları mənimsəyən ailələr həm şəkərlə yaşamağı öyrənir, həm də sözügedən xəstəliyin ağırlaşmalarından qorunur”.
Pediatrın sözlərinə görə, mədəaltı vəzin ifraz etdiyi insulin qanda şəkər yüksəlməsin deyə şəkəri hüceyrələrə çatdıran bir vasitədir. İnsulin az olduqda isə qəbul edilən şəkər hüceyrələrə getmir və nəticədə qanda şəkərin faizi yüksəlir. Bunun qarşısını almaq üçün tip xəstələrə müntəzəm olaraq insulin iynəsi vurulur ki, mədəaltı vəz öz funksiyasını yerinə yetirə bilsin. Bu baxımdan insulin həyati əhəmiyyətli bir hormondur:
“Digər bir vacib məqam isə xəstələrin qidasına diqqət etməsidir. Karbohidrat sayımı vasitəsilə uşaqlar istədikləri hər qidanı yeyə bilərlər. Təbii ki, valideyn nəzarəti mütləqdir. İdman isə bədənin insulin ehtiyacını azaltdığı üçün şəkər xəstələri üçün vacib müalicə metodudur. Bu zaman qan şəkəri düşür və bədən indeksi normal vəziyyətdə qalır. Sadəcə olaraq ackən və yeməkdən dərhal sonra idman etmək düzgün deyil.
Şəkərli diabet diaqnozu qoyulan insanlarda ən təhlükəli vəziyyət xəstənin hipoqlesemiyaya düşməsidir. Bu zaman komaya düşmə təhlükəsi var deyə qan şəkərinin 75 mq/dl dən aşağı düşməsi təhlükəlidir. Gündəlik şəkər yüksəlməsi o anda zərər verməsə də uzun zaman sonra zərərləri ortaya çıxır.
Ancaq şəkərin ani düşməsi titrəmə, soyuq tərləmə, bayılma hətta koma ilə nəticələnə bilər. 75-dən aşağı düşən şəkərə o dəqiqə müdaxilə etmək lazımdır. Mütləq şəkəri yüksəltmək üçün maye şəklində şəkərlərdən istifadə etməliyik. (Meyvə suyu, suda həll edilmiş şəkər tozu, suda həll edilmiş bal, mürəbbə v.s) Tip 1 diabetin uzun dönəm göz, böyrək, damar və sinirləri sıradan çıxaran ağırlaşmalarını bilirik.
Bu ağırlaşmaların vaxtında qarşısını almaq üçün ölçülü yeməliyik, insulinləri vurmalıyıq və 3 ayda bir Endokrinologiya üzrə mütəxəssis tərəfindən müayinə edilməliyik”.