Ayaqları çarpazlayıb oturmaq çox ziyandır

Həkimlər hər kəsə xəbərdarlıq edir

  Əksər xanımlar, həmçinin kişilər də “aşırma ayaq” əyləşməyə meyillidir. İş yerində, nəqliyyatda, hətta evdə də divanda, kresloda əyləşərkən insanlar bir ayağını digərinin üzərinə aşırıb oturmağı xoşlayır. Buna vərdiş edənlər də var, sadəcə, dəbli görünmək xətrinə bu cür əyləşənlər də. Həkimlər isə xəbərdarlıq edir ki, bu cür oturuş tərzi sağlamlığa çox ziyanlıdır.  

“Haber türk”də yayımlanan məlumata görə, Lancaster Universitetinin klinik anatomiya tədris mərkəzinin direktoru professor Adam Taylor ayağı ayaq üzərinə aşırıb əyləşməyin niyə ziyanlı olduğunu izah edib. Professor bildirib ki, bu  cür əyləşmək vərdişi orqanizmdə uzunmüddətli mənfi təsirlər yarada bilər. Professor bu cür əyləşmə tərzinin iki üsulunu göstərib: ya yaq dizdən bükülərək digərinin üzərinə qoyulur, ya da ayaq topuq hissədən digər ayağın dizi üzərinə qoyulur. İnsanların 100-də 62 faizi sağ ayağını sol ayağının üzərinə aşırır, 26 faizi əksinə. Cəmi 12 faiz bu cür əyləşməni bəyənmir. Bu oturuş tərzlərinin hamısı yanlışdır və ziyanlıdır. Bu cür oturuş tərzi kiməsə rahat görünə bilər, lakin orqanizmə mənfi təsirləri qaçılmazdır. Qan təzyiqini qaldırır, hətta spermanın azalmasına da səbəb olur. İnsanın oturuş tərzi bədən üzərində əhəmiyyətli təsirə malikdir: “Ayaqları bir-birinin üzərinə aşıraraq əyləşmək onurğa sütununda, ümumi bədən skeletində ciddi əyilmələrə səbəb ola bilər. Ayağın bud hissəsinin digər ayağın bud hissəsindən nisbətən hündürdə olması, ombanın doğru şəkillənməsinə mane olur, ombada getdikcə əyrilik artır. 

Ayağı ayağın üzərinə aşırmaq təkcə onurğa və omba sümüyünün deyil, çiyin sümüklərinin də əyilməsinə səbəb ola bilər. Ayaq ayağın üzərinə aşırıldıqda bədən ağırlıq mərkəzini itirir, boyun sümüklərində də dəyişiklik gedir, nəticədə baş da yerindən oynayır. 

Həmçinin bardaş quraraq əyləşmək də bədən üçün ziyanlıdır. Bu cür oturuş tərzi də zaman keçdikcə sağ və sol tərəflər arasında əzələ müvazinətinin itirilməsi səbəbiylə zəiflik, gərginlik və hərəkətsizlik yaradır ki, nəticədə boyun, bel, ombanın zədələnməsinə gətirib çıxara, skolyoz (onurğa sütununun əyilməsi) yarada bilər. Ayağı ayağın üzərinə aşırıb əyləşmək qan damarlarının tıxanmasına səbəb ola bilər. 

Belə vəziyyət qanın damarlarda sərbəst dolaşmasını əngəlləyir və qanın qatılaşmasına, tromboza səbəb olur. Professor ayağı ayaq üzərinə aşırıb əyləşməkdən mümkün qədər uaqlaşmağı, bu oturuş tərzindən vaz keçməyi tövsiyə edib. Ümumiyyətlə, eyni oturaq vəziyyətdə uzun  müddət qalmaq ziyanlıdır. İnsanlar oturuş tərzini tez-tez dəyişməli, oturaq həyat tərzindən aktiv həyat tərzinə keçməlidirlər.