"İsti hava şəraitində ürək-qan damar sistemi xəstəlikləri də geniş yayılır. Qızmar yay ürək-qan damar sisteminə ciddi təsir göstərir".
Bunu "Sherg.az"a invaviz-kardioloq Şəmşir Vəliyev isti havalarda ürək tutması hallarından danışarkən deyib. Həkimin sözlərinə görə, risk qrupuna daxil olanlar - istər açıq ürək əməliyyatı keçirmiş, istər stent implantasiyası olunmuş, istərsə də şəkər, arterial təzyiqli xəstələr sağlamlıqlarına xüsusi diqqət etməlidirlər:
"İsti hava şəraiti orqanizmə göstərdiyi təsir nəticəsində qan dövranı sisteminə, dolayısı ilə duz və elektrolit disbalansının yaranmasına gətirib, çıxarır. Normalda bədənimizdə dolaşan qan böyrəklər vasitəsilə süzülür. Lakin isti havalarda bunu tər vasitəsilə daha çox itiririk və böyrəkdən keçən qan miqdarının azalmasına səbəb olur. Nəticədə həm təzyiq düşməsi, həm də böyrək funksiyasının pozulması halları ilə qarşılaşırıq. Ona görə də gün ərzində qəbul etdiyimiz suyun miqdarını artırmalıyıq. Özəlliklə ürək çatışmazlığı olan xəstələr buna diqqət etməlidirlər. Digər hallarda isə təzyiq kontrol altına alınmalıdır. Günəş şüalarının intensiv olduğu vaxtlarda günəş altına çıxmamaq məsləhət görülür. Adətən, bu müddət səhər 11:00-a qədər və ya 17:00-dan sonra olmalıdır. Bu müddət aralığında günəş altına çıxmaq məsləhət görülmür. Yay aylarında daha yüngül qidalar yeyilməlidir. Meyvə-tərəvəzə üstünlük verilməlidir. Yağlı, qızartma yeməklərdən uzaq durmaq lazımdır. Eyni zamanda mal və qoyun əti azaldılmalıdır. Quş və balıq ətlərinə qidamızda daha çox yer verilməlidir".
Qeyd edək ki, isti havalarda ürək xəstəliklərinin sayı artır. Bəziləri günün ən qızmar saatlarında çölə çıxmağın təhlükəli olmasına məhəl qoymur. Günəş şüalarının təsirindən yol, iş, ictimai nəqliyyat vasitələrində ürəktutması halları baş verir. Hətta bu, bəzən təəssüf ki, ölümlə də nəticələnir.