Sovetdən qalan düşüncə: "r" hərfi olmayan aylarda balıq yeməzlər?

"Balıq əti yay aylarında qorxulu və təhlükəlidir. Maydan başlayaraq, adında "r" hərfi olmayan aylarda balıq yeməyin təhlükəsi ilə bağlı bir xalq deyimi də var". 

Bunu "Sherg.az"a həkim-terapevt Şahvələd Məmmədov deyib. Onun sözlərinə görə, artıq sentyabrdan havalar mülayimləşdikcə balıq məhsullarının yeyilməsi problem yaratmayacaq:

"Konservləşdirilmiş formada satılan balıq məhsulları qorxulu ola bilər. Həmçinin əsasən də, hisə verilmiş balıqlar qida zəhərlənməsinə gətirib, çıxarır. 


Eyni zamanda çox təhlükəli sayılan botulizm adlı infeksiyaya da səbəb olur. Botulinum toksinlər bədənə girir və çox ağır zəhərlənmə halları baş verir. Ona gorə də hisə verilmiş balıqları yeyərkən ehtiyatlı olmaqda fayda var. Təbii ki, göldən, çaydan tutulmuş təzə balıqların bişirilib, hazırlanmasında problem yaranmaz. Bəlkə də, tam bişməmiş balıqlar stafilakok mənşəli yüngül zəhərlənmələrə də yol aça bilər. Digər təhlükə mənbəyi isə şəhərimizdə bir çox yerlərdə satılan "balık ekmek"lərdir. Təbii ki, bişirmə qaydasından da çox şey asılıdır. Zəhərlənmə halları özünü diareya, ürəkbulanma, qusma əlamətləri ilə büruzə verir. Belə situasiya yarandıqda təcili surətdə mədə-bağırsağın yuyulub, təmizlənməsi, xəstə imalə olunsa və sistemlər köçürülsə, pasiyent özünə gələr".

Qeyd edək ki, insanlar yay aylarında balıq yeməyə bir qədər tərəddüd edirlər. Çünki balıq əti tez xarab olan dəniz məhsulları sırasındadır. Yay mövsümündə balıq əti yeyərkən diqqətli olmaq lazımdır ki, zəhərlənmələrə yol açılmasın. Hətta paytaxtda bişirilmə texnologiyası bilinməyən "balık ekmek"lər də satılır və alıcıları da kifayət qədər çoxdur. Mütəxəssislər insanları küçələrdə satılan balıqlı buterbrodu alıb-yeyərkən ehtiyatlı olmağa çağırır.