Həkim: Uşağın gələcəyi, gələcək sağlamlığı bundan çox asılıdır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Peyvəndlənmə vacibdir

Valideyn məsuliyyətsizliyinin acısını həmişə uşaqlar çəkir


  Mingəçevir şəhərində bir neçə məktəblinin Hepatit A virusuna yoluxması uşaqların peyvəndlənməsinin hansı dərəcədə aktual və vacib olduğunu bir daha sübut etdi. Təəssüf ki, hazırda bəzi validyenlər peyvəndlənmə əleyhinə çıxır, uşaqlarını poliklinikalara aparmamaqda israr edirlər. Sevindirici hal isə budur ki, virusa yoluxmuş uşaqlar səhiyyə müəssisəsində müalicə alır, səhhətləri bərpa olunur. Kəskin virus hepatiti diaqnozu ilə Mingəçevir şəhərindən Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilən 6 uşaqdan sağalaraq evə buraxılanlar da var. Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Hepatit A virusuna yoluxmuş şagirdin 1-i Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi M.Ə, 2-si Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin şagirdi, digər 3-ü isə işğaldan azad olunmuş rayonların yerlərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, uşaqların vəziyyəti stabil olaraq qalır. Hər birinin müayinə və müalicələri davam etdirilir. Mingəçevir şəhərində uşaqlar arasında Hepatit A virusunun qeydə alınmasıyla əlaqədar, şəhər Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib. Ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib. İnfeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb.
  Qeyd edək ki, hər il ölkədə immunlaşdırma həftəsi elan olunur, körpələr, kiçik yaşlılar, məktəb yaşlı uşaqların peyvəndlənməsi tövsiyə edilir. Lakin  təəssüf ki, bəzi valideynlər laqeydlik nümayiş etdirərək uşaqlarını peyvəndlənmədən yayındırırlar. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il 24-30 aprel tarixlərində Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir. İmmunlaşdırma kampaniyası peyvəndlərlə qarşısı alına bilən xəstəliklərdən uşaqların qorunmaq hüququ olması barədə əhalini məlumatlandırmaq, eyni zamanda peyvəndlə əhatəolunma səviyyəsini yüksəltmək məqsədi daşıyır.  Uşaqların sağlamlığının qorunması daim dövlətin diqqət mərkəzindədir. Hər il ölkəmizdə aprel ayının sonuncu həftəsində “İmmunlaşdırma həftəsi” keçirilir. İmmunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azalmasına yönəlib. Səhiyyə nazirinın imzaladığı sənədə əsasən, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib. Hazırda uşaqlar arasında profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır. İmmunlaşdırma sayəsində hər il milyonlarla uşaq ciddi xəstəlik və ölümdən xilas olunur.  Azərbaycanda qəbul olunmuş peyvənd təqviminə uyğun olaraq, uşaqları əhatə edən 11 yoluxucu xəstəliyə qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir. Ölkə ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilir. Eyni zamanda Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən mütəmadi olaraq peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur.  Müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalan uşaqların planlı vaksinasiyaya cəlb olunması “İmmunlaşdırma həftəsi”nin əsas məqsədlərindəndir. Kampaniya çərçivəsində hər bir tibb müəssisəsi tərəfindən onların siyahıları hazırlanır və immunlaşdırmaya cəlb olunması planlaşdırılır. Planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi və əhalinin məlumatlandırılma səviyyəsinin artırılması məqsədilə “dəyirmi masa”lar və seminarlar təşkil olunur, maarifləndirici broşür və bukletlərin paylanılması, həmçinin kütləvi informasiya vasitələrində müvafiq məlumatların verilməsi həyata keçirilir. Ölkəmizdə də immunlaşdırma həftəsi səhiyyə nazirinin əmri ilə hər il aprelin 24-dən 29-na kimi respublikanın bütün şəhər və rayonlarında keçirilir. Səhiyyə nazirinin əmrinə əsasən, respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin keçirilməsi, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi vacib tədbirlər sırasındadır. İmmunlaşdırma həftəsi çərçivəsində ÜST-nin dəstəyi ilə də bir sıra rayonlarda maarifləndirici tədbirlər keçirilir, həmçinin respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanır.

Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında Hepatit A virusuna yoluxmanın fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət-təmas yolu ilə baş verdiyini bildirdi. Həkim qeyd etdi ki, xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət  edilməli, keyfiyyətli içməli sudan istifadə edilməlidir. 
Həkim peyvəndlənmənin vacibliyinə diqqət çəkdi: 

"Valideyn məsuliyyətsizliyinin acısını yenə də uşaqlar çəkir. Məktəblilər arasında qızılca və su çiçəyi var. Rayonların birində məktəblilər Hepatit A virusuna yoluxub. Məlumdur ki, bu xəstəlik çirkli və çiy sudan, həm də çirklənmiş qida məhsullarından keçir. Deməli, gigiyenik qaydalara əməl edilmir. Valideynlər həkimləri dinləməlidir. Həkimin dediklərinə şühbə ilə yanaşmamalıdır. Laqeydlik göstərməməlidirlər. Peyvəndlərdənsə ümumiyyətlə, imtina edilməməlidir. Peyvəndlənmə vacibdir. Uşağın gələcəyi, gələcək sağlamlığı bundan çox asılıdır. "Mən uşağımın immunitetini gücləndirməklə onu bu infeksiyalardan qoruyuram",  kimi mənasız məsləhətlərə qulaq asmaq lazım deyil. Uşaqları qorumalıyıq. Uşaqlarımızın sağlam böyüməsini, dərslərini yaxşı oxumasını, qavrama qabiliyyətinin yüksək olmasını istəyiriksə, bunlar hamısı ilk növbədə sağlamlıqdan keçir. Sağlamlıq da peyvəndlərə bağlıdır.  Daim bunu söyləyirəm. Dünya qızılca kimi bəladan peyvəndləmə sayəsində xilas oldu. Hepatit A nədir? El arasında buna "sarılıq" deyirik. Virus ən çox çirkli sulardan keçir. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da virusa yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir. Uşaq xəstələnə bilər, hər hansı virusa da yoluxa bilər. Amma peyvənd olunmuş uşaqlar xəstəliyi yüngül keçirir və ölüm riski də olmur. Ümumiyyətlə, uşaqlar arasında tez-tez müşahidə olunan difteriya, tetanoz, göy öskürək, qızılca, parotit və məxmərəkdir. Hətta ölüm halları da baş verir. Söhbət bizim ölkədən getmir, dünya ölkələrini nəzərdə tuturam. Ona görə də ÜST immunlaşdırma həftəsi elan edir və hər il daha çox uşağın peyvəndlənməsinə çalışır. İmmunlaşdırma Həftəsi sayəsində peyvənd olunan uşaqların sayı artır. Hər il dünyada 100 milyondan çox uşaq difteriya, tetanoz və göy öskürəyə qarşı peyvənd olunur. Məsələn, qızılca peyvəndi sayəsində 2000-2016-cı illər arasında dünyada həmin xəstəlikdən ölüm halları 84 faiz azalıb. Ona görə də valideynlər peyvəndləmə məsələsinə ciddi yanaşsınlar, övladlarının sağlamlığını təhlükə altında qoymasınlar. Peyvəndlər vaxtlı-vaxtında vurularsa, təhlükə də olmayacaq".