Respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar.
Bildirilib ki, hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur.