Bütün həkimlərə yüksək əmək haqqı vermək mümkün deyil
Necə ola bilər ki, bir həkim yüksək əmək haqqı alsın, amma, məsələn, poliklinika həkimi 300-500 manat? Bu, yolverilməzdir"Hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əməkhaqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah, 12 700 manat alan oftalmoloq, 8 900 manat alan mama-ginekoloq, 6 750 manat alan radioloq var". Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin əməkdaşı Səməd Səmədov bildirib. Onun sözlərinə görə, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.
Həkim-cərrah, Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, göstərilən maaşlar epizodikdir. Ayrı-ayrı həkimlərin maaşlarıdır. Kütləvi hal deyil:
- İcbari tibbi sığortada fiksə olunmuş maaş sistemi tətbiq edilməlidir, həkimlərin akreditasiya dərəcəsindən asılı olaraq. Biz bu sistemə keçməliyik, necə ki Türkiyə, Almaniya, İngiltərə və Avropanın başqa ölkələrində bu sistem tətbiq edilir. Bütün həkimlərə yüksək əmək haqqı vermək mümkün deyil. Necə ola bilər ki, bir həkim yüksək əmək haqqı alsın, amma, məsələn, poliklinika həkimi 300-500 manat? Bu, yolverilməzdir. Fiksə olunmuş əmək haqqı sistemi olmalıdır, həkim də nə qədər əmək haqqı alacağını bilməlidir. Bu, icbari tibbi sığortanı daha effektiv idarə etməyə imkan verir. Digər tərəfdən, randevu sistemi qurulmalıdır. Bu sistemin olmamağı sui-istifadə halları yaradır, süni basabas, “tıxaclar”, insanları yoran, bezdirən uzun-uzadı növbələr... İcbari tibbi sığortadan bu gün xeyli insan yararlanır. Ödənişsiz cərrahi əməliyyatlar həyata keçirilir və sair. Səmərə ortadadı. Qəbul edirəm, bu, ilk təcrübədir, çatışmazlıqlar ola bilər. Amma işin təşkilində qüsurlar qalır, icbari tibbi sığortanı beynəlxalq təcrübəyə uyğunlaşdırmağın vaxtıdır.
Qeyd edək ki, həkimlərin maaşların miqdarının açıqlanması sosial şəbəkələrdə də qızğın müzakirələrin açılmasına səbəb olub. Dövləti tabeliyində olan xəstəxanalarda terapevtlərin hətta heç bir xəstə qəbul etmədən də 1300 manat maaş aldığı, hər xəstə müayinəsi üçün 2 manat sığorta pulu, gündə 35 xəstəyə baxmaq üçünsə əlavə bonus aldıqları yazanlar var. Belə çıxır ki, icbari tibbi sığorta üzrə çalışan həkim gündəlik 70 manat qazanır. Amma “ağlaşırlar”. Gün ərzində, yəni iş saatı ərzində (həkim səhərdən axşama kimi xəstəxanada, ya da polklinikada deyil, npvbəli iş sistemidir) 35 xəstəyə baxmaq isə, əslində heç bir xəstəyə baxmamağa bərabərdir. Buna nə vaxt, nə də fiziki imkan çatar. Dünya standartlarına görə isə gün ərzində bir terapevt 5, kardioloq 4, nevropatoloq isə üç xəstəyə baxa bilər. Yalnız bu halda keyfiyyətli tibbi xidmət göstərmək mümkündür. Dövlət xəstəxanalarında isə bu normaya məhəl qoyulmur. Həkimlərin göstərilən maaşlardan daha az əmək haqqı aldığını, hər xəstəyə görə 2 manatdan az pul ödənildiyini qeyd edənlər, ixtisas həkimləri üçünsə sığorta ödənişinin daha çox olduğunu, bir pasiyentə görə 50 manat, 75 manat ödənildiyini deyənlər də var. Qısası, hər kəs öz bildiyini deyir. Gerçəklik isə belədir ki, əmək haqları aşağıdır. Hər xəstə müayinəsi görəsə 2 manat əlavə ödəniş gülüncdür. Bəzi həkimlər, cərrahlar da ona görə sığorta ilə gələn pasiyentləri qəbul etmək istəmir. 2 manata görə özünə əziyyət vermir.