Azərbaycanda son 1 həftə ərzində (13-19 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 21 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 13 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 6 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 135 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 729 nəfər müalicə olunaraq sağalıb, hazırda 39 aktiv xəstə var. Bu günə qədər 10 367 nəfər vəfat edib. Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 042, bu günə qədər isə ümumilikdə 7 711 925 test icra olunub. Qeyd edək ki, son həftə ərzində virus əleyhinə vaksinasiya etdirən olmayıb.
İnfeksionist Mərdan Əliyevin “Sherg.az"a açıqlamasında deyib ki, adətən payız-qış mövsümündə koronavirusa yoluxma daha da çoxalır:
“Havalar soyuduqca koronavirusa yoluxma sayında da artma müşahidə edilir. Bu, təbii prosesdir. Payız-qış mövsümündə insanlar evlərə çəkilir, havalandırma azalır, günəşin aktivliyi zəifləyir. Bu səbəbdən, koronavirusa yoluxmalar çoxalır”.
Onun sözlərinə görə, əlavə olaraq, hava soyuduqda immun sistemi də zəifləyir. Bütün bunlar koronavirusla birgə kəskin respirator virusların artmasına da kömək olur: “Artımlar bir müddət müşahidə ediləcək. Lakin koronavirus artıq yüngül keçdiyi üçün ciddi bir tədbirə ehtiyac yoxdur. Yalnız risk qrupuna daxil olan şəxslər peyvənd olunmalı, özlərini qorumalıdırlar. Onlar üçün təhlükəli ola bilər”.