Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 18.11.2023-cü il tarixində yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək 3 gün sonra təkrar müayinəyə dəvət olunub.
21.11.2023-cü il tarixində ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib, həkim məsləhəti alıb.
23.11.2023-cü tarixdə saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib.
Meyit patoloji anatomik təşrihə verilib.
Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.
15.34
Prokurorluq Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşağın ölümü ilə bağlı faktı araşdırır.
Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır, əlavə məlumat veriləcək
Qeyd edək ki, qızılcaya yoluxan və hərarəti düşməyən 4 yaşlı uşağın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyi bildirilir.