Bütün dünyada qızılca təhlükəsi artmaqda davam edir, səbəb isə bir il ərzində milyonlarla uşağın peyvənd olunmamasıdır. 2022-ci ildə qızılcaya qarşı peyvəndin əhatə dairəsinin azalmasından sonra qızılcaya yoluxma hallarının sayı 18 faiz, infeksiyadan ölənlərin sayı isə 43 faiz (2021-ci illə müqayisədə) artıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni hesabatında yoluxma sayı 9 milyon, ölənlərin sayı isə 136,000, əksəriyyəti uşaqlardır. Qeyd edək ki, qızılca xəstəliyinin dünya üzrə sonuncu epidemiyası 2018-2019-cu illərdə qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Səhiyyə Nazirliyinin məlumatına görə, hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb: “Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar. Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur”.
Pediatrlar isə hesab edir ki, uşaqlarda qızılca xəstəliyi infeksion xəstəliklər arasında xüsusi yer tutur. Bu xəstəlik uşaqlarda özünü yüksək temperatur, xarakterik səpkilər, boğazda ağrı, öskürək və orqanizmin intoksikasiyası kimi əlamətlərlə büruzə verir. Qızılca xəstəliyi bəzən ağır gedişatlı olub, ölümlə nəticələnə bilər. Qızılca infeksiyasının mənbəyi – yoluxmuş insandır, virus hava-damcı üsulu ilə keçir və yüksək kontagionezliyi ilə fərqlənir.
Pediatr Altay Abdullaoğlunun "Sherg.az"a açıqlamasına görə, qızılca virus infeksiyasıdır. Hava-damcı yolu ilə keçir:
“Bütün viruslarda olduğu kimi qızılcanın da özəl bir müalicəsi yoxdur, sadəcə, simptomatik müalicə metodlarından istifadə olunur. Bu xəstəlik ilk 3 gündə temperatur, quru öskürək, burun axması, gözlərdə qızartı ilə başlaya bilər. Daha sonra isə səpki dövrü başlayır. Səpkilər bədənin yuxarı hissəsindən alından və ənsədən başlayıb üzə, qollara, gövdəyə yayılır, daha sonra isə səpkilər bud, sarğı və ayaq dabanına qədər yayıla bilir. Səpkilərin başlaması ilə qızdırma 39-40 dərəcəyə qədər yüksəlir. Səpkilər bir-biri ilə birləşməyə meyilli və toxunduqda solmağa başlayan xarakterdə olur. Bu xəstəliyə yoluxmuş uşaqlar xüsusi qulluq və diqqət tələb edirlər. Qızdırması varsa, qızdırmasalıcı dərmanlar verilir, burnu tutulubsa, burun spreylərindən istifadə olunur”.
Həkim qızılca zamanı antibiotik istifadəsini əhəmiyyətsiz hesab edir. Onun sözlərinə görə, qızılca ağırlaşma verib uşaq pnevmoniya (sətəlcəm) olubsa, bu zaman antibiotikdən istifadə etmək olar. Sistemlərin tərkibinə qatılan “Deksametazon” kimi ağır dərmanlardan isə birmənalı uzaq durun:
“Qızılcanın ən çox ağırlaşmalarına orta qulaq iltihabı, pnevmoniya, ensefalit aiddir.
Dediym kimi, xüsusi müalicəsi yoxdur. Müalicə şikayətlərə uyğun aparılır. Əsasən temperatursalıcı, öskürək əleyhinə dərmanlar verilir. Virus infeksiyası olduğuna görə bakterial mənşəli ağırlaşma olmazsa, antibiotiklərdən istifadə edilmir.
Qızılcadan qorunmanın ən effektiv yolu peyvənddir. Bu peyvəndin ilk dozası 12-15 aylarında, ikinci dozası isə 5-6 yaşlarında edilir. Peyvənd olunan uşaqların əksəriyyəti ya qızılca keçirmir, ya da çox yüngül keçirir. Qızılca keçirən insanda ömürlük immunitet yaranır”.