O, zərifliyi, biliyi, bacarığı və iti gözləri ilə insanlara işıq, xoşbəxtlik bağışlayırdı
...Professor Şahbazov əsəbi halda:
- Oftalmologiya elmi 3 şey tələb edir: cəsarət, titrəməyən əl, bir də cərrah bıçağı!
Doktor İradə (qətiyyətlə):
-Göz isə çox zərifdir. Onun cərrahı da zərif olmalıdır!..
Bu dialoqu xatırlayanlar olacaq yəqin. Unudulmaz şair və dramaturq İslam Səfərlinin “Göz həkimi” pyesindəndir. İslam Səfərli bu pyesi Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın şəxsiyyətinə hörmət, ehtiram əlaməti olaraq qələmə alıb.
Zərif və cəsarətli qadın
Və ən maraqlısı həm də budur ki, müəllif pyes üzərində çalışarkən bir neçə dəfə Zərifə xanımla görüşüb, ondan məsləhətlər alıb. Bu faktı fəlsəfə elmləri doktoru mərhum Adil Nəcəfovun xatirələrindən öyrəndim: “Zərifə xanım Əliyeva haqqında düşünərkən 50-ci illərin əvvəllərində baş vermiş hadisələri xatırlayıram. O zaman "Göz həkimi" pyesi üzərində işləyən uşaqlıq dostum, istedadlı şair və dramaturq İslam Səfərli tez-tez Göz İnstitutuna gedərdi ki, yaradıcılıq prosesinin gedişində tibb işçilərinin fəaliyyətinin bir sıra peşə məsələlərini düzgün aça bilsin. Gənc və istedadlı həkim Zərifə Əliyeva isə müəllifə məsləhətlər verir, köhnəlmiş və zərərli baxışlara qarşı mübarizə aparan pyesin baş qəhrəmanının – göz həkiminin bədii obrazının yaradılmasında ona kömək edirdi”. A.Nəcəfov xatirələrində qeyd edir ki, İslam Səfərli ilə birlikdə Göz Xəstəlikləri İnstituna gedib: “Yaxşı yadımdadır, bu görüşdən sonra Zərifə xanımın hüdudsuz erudisiyasından, zəngin ədəbi biliyindən, dərin ziyalılığından mütəəssir olmuşduq”. Göz Xəstəlikləri İnstitutunda müşahidə aparmağının, Zərifə xanımla söhbətlərinin şair və yazıçının parlaq təxəyyülü ilə birləşməsinin nəticəsi idi ki “Göz həkimi” kimi möhtəşəm bir pyes ərsəyə gəldi. Həkim İradə xanımın obrazı Zərifə xanımın şəxsiyyəti ilə həmahəngdir. Cəsarətli, eyni zamanda zərif bir həkim. Biliyi, bacarığı, titrəməyən əlləri və iti gözləri ilə insanların xidmətində dayanan, onlara səadət, xoşbəxtlik nəsib edən nəcib peşə sahibi, göz həkimi – Zərifə xanım Əliyeva. Həyatda təsadüf yoxdur, qanunauyğunluq vardır, deyirlər, doğrudur. Zərifə xanımın məhz həkimlik sənətini, həm də göz həkimi peşəsini seçməsi də qanunauyğunluq idi. Bu sevgi və istək, həmçinin məqsədə doğru inamla irəliləmək xüsusiyyəti ona nəslinin ötürdüyü ali keyfiyyətlər idi.
“Peşə xəstəlikləri ilə ilk dəfə Zərifə xanım məşğul olub”
“Göz həkimi” pyesində doktor İradə kafedra müdürü Nina Nkolayevna ilə söhbəti zamanı belə deyir:
- Təsəvvür edin, uzun ilər kor olmuş bir insanın gözləri açıla!.. Günəş, işıq, təbiət haqqında təsəvvürü olmayan insan üçün bundan böyük səadət olarmı?!
Sözsüz, Zərifə xanım həkimlik fəaliyyəti dövründə neçə-neçə insana səadət bəxş edib. Pyesdə Zərifə xanımın oftalmoloq alim kimi fəaliyyəti ilə üst-üstə düşən bir məqam da var. Pyesin qəhrəmanı həkim İradə xanım məhz iş başında zədə almış geoloq-neftçi İvanovun gözlərinin müalicəsini üzərinə götürüb, cərrahiyyə əməliyyatı keçirməlidir. Zərifə xanım da neft-kimya sənayesində çalışanların peşə xəstəliklərinin müalicəsiylə bağlı elmi araşdırmalar aparırdı və bu sahədə yüksək nəticələr əldə etmişdi. Bu haqda akademik Əhliman Əmiraslanov öz məqaləsində qeyd edir: “Görmə orqanının peşə xəstəlikləri ilə ilk dəfə Zərifə xanım məşğul olub. ADHTİ-də çalışarkən ilk illərdən zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil edirdi, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin profilaktikasını və müalicəsini ön plana çəkir, bir sıra sənaye müəssisələrində tədqiqat aparıb, zərərli peşələrin törətdikləri göz xəstəliklərini elmi surətdə əsaslandırır, onların qarşısını almaq üçün əməli tədbirlər görür, zərərli peşə sahiblərinin gözlərini xilas edirdi. O, 1976-cı il may ayının 27-də Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdü. Bununla da Z.Əliyeva cəsarətli eksperimentatorluq bacarığını SSRİ-nin məşhur oftalmoloqları qarşısında bir daha sübuta yetirdi. Professor Zərifə Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülüb”.
“Zərifə xanım anamın gözlərini əməliyyat etmişdi”
Yazını hazırlayarkən Zərifə xanımın öz əlləri ilə səadət bəxş etdiyi ailələrdən birinin nümayəndəsi ilə həmsöhbət olduq. Bu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədovadır. Həvva xanım bizimlə söhbətində ümummilli lider Heydər Əliyev kimi Zərifə xanım Əliyevanın da adının Azərbaycan tarixinə əbədi həkk olunduğunu dedi.
- Zərifə xanım humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim idi. Sözün əsl mənasında HƏKİM idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərib. Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş ediş, ən ağır, mürəkkəb cərrahi əməliyyatlar aparıb, insanları qaranlıq dünyasını işıqlandırıb. Belə nəhəng və xeyirxah işlər görə bilməsinin səbəbi həm öz biliyi, savadı və səriştəsi, həm də nəsil-şəcərəsindən, böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlərə malik olması idi. Zərifə xanımın adını fəxrlə, sonsuz qürur hissi ilə çəkirik, onun məhz bizim xalqın nümayəndəsi, Azərbaycan qadını olmasından qürur hissi duyuruq. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Zərifə xanım xalqımıza müzəffər Ali Baş Komandan bəxş etmiş bir anadır. Mənim üçün dəyərli olan bir məsələni xatırladım ki, vaxtilə anamın gözlərini Zərifə xanım əməliyyat edib. Anamın gözləri iki dəfə əməliyyat olunmuşdu. Həkimlərdən birinin adı Ceyran xanım idi, digəri isə Zərifə xanım olub. O zaman biz Zərifə xanımın hansı ailəyə mənsub olduğunu bilmirdik. İllər sonra bunu bildik. Bu xanım o qədər səmimi, xeyirxah, sadə, təvazökar idi ki, Heydər Əliyev kimi bir siyasi rəhbərin həyat yoldaşı olmasını qabartmayıb, özünü üstün hesab etməyib. Çalışdığı səhiyyə müəssisəsində hamı onun xeyirxahlığının, sadəliyinin, səmimiliyinin vurğunu olub. Təsəvvür edin ki, bişirdiyi xörəklərdən gətirib gözətçiyə, ehtiyacı olanlara paylayırmış. Hamıyla səmimi ünsiyyət yaradırmış. Zərifə xanımın kollektivlə birlikdə çəkdirdiyi fotolardan da görünür ki, o necə səmimi, nəcib insan olub. Zərifə xanım adət-ənənəyə bağlı, milli xüsusiyyətləri özündə cəmləmiş və bu xüsusiyyətlərə hər zaman sayğı göstərən əsl Azərbaycan qadını idi. Bu mənada Zərifə xanım bütün həyatı, fəaliyyəti ilə, davranışları ilə örnək bir qadındır. Və xalqımızın qəlbində daim yaşayacaq.
Məlahət Rzayeva
Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.