Kürdəmirdə 7 məktəbdə şagirdlər arasında qızılca yayılıb, 9 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb:
“Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi ambulator (ev şəraitində) şəraitində davam etdirilir, vəziyyətləri stabildir”.
Həmçinin bu gün Azərbaycan Texniki Universitetində də ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.
Bu barədə universitetdən bildirilib.
Qeyd olunub ki, həmin tələbələr izolyasiya olunublar:
“Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər”.
Eyni gündə ölkənin təhsil ocaqlarında yayılan kütləvi qızılca ictiamiyyətdə böyük maraq doğurub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan həkim-cərrah, Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bildirib ki, qızılca kimi yolxucu xəstəlik keçmiş dövrlərdə çox saylı insan tələfatına səbəb olurdu.
Vaksinasiyaların ortaya çıxması ilə birlikdə infeksiya xəstəliklərinə qarşı mübarizə başladı:
“Hətta bu səbəblə milli peyvənd təqvimi yarandı. Uşaqlar müəyyən müddətdən bir infeksiyalara qarşı peyvənd olunurdu. Son zamanlar isə valideyinlər müəyyən şaiələrə aldanaraq, peyvəndlərdən imtina etməyə başlayıblar. Əvvəllər sözü gedən məsələyə ciddi nəzarət olunurdu. Hazırda bu qrumlarında nəzarəti itirdiklərinin şahidiyik. Bütün dünya təcrübəsi göstərir ki, peyvənd olunaraq qızılca və ona bənzər yoluxucu xəstəliklərdən qorunmaq mümkündür. Peyvənd əlehinə olan təbliğatlar tamamilə şaiələrdən ibarətdir. Peyvənd olunan şəxslər bu gün müşahidə etdiyimiz fəsadlarla üzləşmir. Bir şeyidə unutmamaq lazımdır ki, peyvənd olunmamış uşaq tək özü üçün deyil ətraf üçündə böyük təhlükədir. Çünki belə xəstəliklərə asanlıqla yoluxa bilir və təhlükə mənbəyinə çevrilir. Bu səbəbdən sözügedən sahədə admistrativ tədbirləri artırmaq lazımdır. Milli peyvənd təqviminə mütləq şəkildə əməl olunmalıdır”.