Ölkədə qızılca xəstəliyi geniş yayılır: Məktəblər bağlana bilər?


  Son günlər Kürdəmirin rayon mərkəzi də daxil olmaqla kənd məktəbliləri arasında qızılca xəstəliyi qeydə alınıb. Vəziyyətlə əlaqədar olaraq bir neçə məktəbin şagirdləri xəstəxana və ev şəraitində müalicə alır, bu səbəbdən də bəzi şagirdlər məktəbə gəlmir.
  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Sherg.az”a verilən məlumata görə,  Kürdəmir rayonunda qızılca xəstəliyindən müalicə alan şagirdlərin vəziyyəti stabil olaraq qiymətləndirilir:
 “Kürdəmir rayon 2 saylı tam orta məktəbin 6 nəfər şagirdi, Kürdəmir rayon Pirili kənd orta məktəbinin 1 nəfər şagirdi, Göyçay rayon Alpoud kənd orta məktəbinin 2 nəfər şagirdi olmaqla müxtəlif tarixlərdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlardan 5-i qızı, 4-ü oğlan olub. Pasiyentlərə hazırda zəruri tibbi xidmət göstərilir, stasionar şəraitdə müalicələri davam etdirilir”. 
  Məlumatda bildirilib ki, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur:
 “Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə-sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir”.
  Qeyd edək ki, Azərbaycan Texniki Universitetində ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb. Bu barədə "Trend"in sorğusuna cavab olaraq universitetin mətbuat katibi Sevinc İsgəndərova bildirib. Bildirilib ki, həmin tələbələr izolyasiya olunublar. "Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib".
  Bəs, respublikanın ali və orta təhsil müəssisələrində  qızılcaya qarşı hansı tədbirlər görülür?
Hansı halda  məktəb və universitetlərin fəaliyyəti müvəqqəti  dayandırıla bilər?
  Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, qızılcayla bağlı sahə həkimləri tərəfindən təhsil müəssisələrində müvafiq izahat işləri aparılır. Qızılcaya qarşı bir qayda olaraq uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən peyvənd olunurlar: 
“Son günlər uşaqlar arasında qızılcaya yoluxma halları ilə bağlı məsələ bizim də nəzarətimizdədir. Məktəblərdən bizə daxil olan məlumatlardan aydın olur ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır. Tək-tək belə halların müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Qızılca ilə bağlı Agentliyin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin heç biri bağlanmayıb. Kütləvi yoluxma halı baş verdikdə məktəbin bağlanması ilə bağlı qərarı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verir”. 
Agentlikdən bildirilib ki, hər hansı ümumi təhsil müəssisəsində qızılcanın simptomları müşahidə edilərsə, dərhal yerli poliklinikalara məktəb rəhbərliyi tərəfindən məlumat verilir. Qızılcaya yoluxmuş şagird və ya şagirdlər oxuduqları siniflərdən virusun inkubasiya dövründə (10-14 gün) kənarlaşdırılırlar. Bununla bağlı sahə həkimləri tərəfindən təhsil müəssisələrində müvafiq izahat işləri aparılır: 
“Eyni zamanda məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib. Ümumi təhsil məktəblərində pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Məktəblərdəki tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir. Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”.