Qızılcaya qarşı peyvəndlə bağlı bir sıra məqamlara aydınlıq gətirilib

Uşaqlara qızılca əleyhinə peyvənd QPM vaksini ilə milli peyvənd təqviminə müvafiq olaraq 2 dəfə - 12 aylığında və 6 yaşında vurulur. Peyvəndlərin vurulması vacibdir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, QPM peyvəndləri ərazi üzrə tibb müəssisələrində (Ailə Sağlamlıq Mərkəzləri, uşaq poliklinikaları və s.) aparılır:
“Epidemioloji vəziyyətlə əlaqədar ölkə ərazisində orta və yaşlı əhalinin qızılca əleyhinə peyvəndi tətbiq olunacaq. Peyvənd 1 dəfə vurulacaq. İlk növbədə peyvənd risk qrupuna aid olan insanlara və könüllü müraciət edən şəxslərə vurulacaq".
O da bildirilib ki, peyvəndin vurulması zamanı istehsalçının təlimatı və tibbi əks-göstərişlər nəzərə alınmalıdır: "Peyvənd vətəndaşların qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisələrində (poliklinikalarda) könüllü şəkildə vurulacaq".