Sağalanlar istisnadır
Orta və yaşlı əhalinin vaksinasiyası üçün konkret bir mexanizm hazırlanmalıdır, əks halda çətin olacaq
Azərbaycanda qızılcaya yoluxma halları sürətlə artır. Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi yoluxmanın bir neçə rayonla məhdudlaşdığını açıqlamışdı. Lakin artıq xəstəliyin coğrafiyası genişlənir. Artıq Bakıda da təhsil ocaqlarında qızılca virusu aşkarlanıb.
Səhiyyə Nazirliyinin yaydığı məlumatda isə deyilib ki, hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır. Bu da əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur.
Bununla yanaşı, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq.
İnfeksionist Mərdan Əliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, orta və yaşlı əhalinin vaksinasiyası üçün konkret bir mexanizm hazırlanmalıdır, əks halda çətin olacaq:
“Əvvəlcədən qızılca xəstəliyinə yoluxan şəxslərin peyvənd olunmasına ehtiyac yoxdur. Xəstəlikdən sonra orqanizmdə ömürlük immunitet formalaşır. Orta və yaşlı əhali arasında kimin əvvəlcədən qızılca keçirib-keçirmədiyini bilmək olur. Kimlərin peyvənd olunduğunu, kimin vaksinasiyadan kənarda qaldığını müəyyən etmək isə bir az çətin olacaq. Qızılca peyvəndi 1-3 yaş arası olunduğu üçün əksəriyyətin yadında qalmaya bilər. Prinsipcə, əvvəllər peyvənd olunan adama təkrar vaksinin vurulmasının bir ziyanı da yoxdur.
Hesab edirəm ki, peyvənd olunan şəxslərin müəyyən edilməsi çətin olduğundan qızılca keçirib, sağalanlar istisna olmaqla bütün vətəndaşlar vaksinasiyaya cəlb olunacaq. İlkin mərhələdə hansı yaş qrupunun vaksinasiyaya cəlb olunacağı isə hələlik bəlli deyil. Əslində, qızılca daha çox azyaşlı uşaqlar arasında yayılır. Daha doğrusu, uşaqlar arasında yayılan xəstəlik olduğu üçün qızılcaya qarşı azyaşlılar daha həssas olur. Böyüklərin orqanizmi isə bu infeksiyaya qarşı o qədər də həssas deyil, 5 nəfərdən 1-i yoluxur. Amma böyüklərin də bu virusa yoluxması mümkündür. 20 yaşdan yuxarı şəxslərdə və çox körpələrdə qızılca ağır və təhlükəli keçə bilər. Bütün bunları nəzərə alaraq Səhiyyə Nazirliyi vahid konsepsiya hazırlamalıdır. Əks halda proses heç də asan olmayacaq”.
M.Əliyev də o fikirdədir ki, valideynlər tərəfindən peyvəndə biganə yanaşılması bu gün qızılcanın kütləvi yayılmasına rəvac verir:
“Bir neçə müddət ölkəmizdə qızılca xəstəliyinə yoluxma halları qeyd olunmasa da, hazırda bu virus əhali arasında kütləvi hal alıb. Qızılcaya yoluxma sayı artmaqda davam edir. Əsasən azyaşlılar arasında yayılan bu xəstəliyin və ağırlaşma hallarının səbəbi peyvənddən yayınmadır. Uşaqlar üçün anadan olduqdan 3-6 yaş aralığında rutin peyvəndlər nəzərdə tutulub. Bunlar onu təkcə qızılcadan yox, digər təhlükəli xəstəliklərdən də qoruyur. Qızılca peyvəndi də uşaqların rutin peyvəndləri arasında var. Peyvəndlərin vaxtında olunmaması, uşaqların vaksinasiyadan yayındırılması azyaşlıları sözügedən xəstəliklərə qarşı müdafiəsiz edir. Buna görə də mütləq şəkildə uşaqları gecikdirmədən peyvənd etdirmək həm vacib, həm də faydalıdır.
Qızılca peyvəndinin əhəmiyyətsiz, hətta ziyanlı olması ilə bağlı şayiələrə inanan valideynlər peyvənddən imtina etməklə övladının sağlamlığını təhlükəyə atmış olur. Məcburi vaksinasiyanın tərəfdarı deyiləm, amma bütün uşaqların qızılca peyvəndi olmasını vacib hesab edirəm. Ən azından maarifləndirmə işi aparılmalı və gənc valideynlərə bu peyvəndin əhəmiyyəti izah olunmalıdır”.
İnfeksionistin sözlərinə görə, qızılca əsasən immun sisteminə təsir göstərir. İmmun sisteminə təsir zamanı yaddaş hüceyrələri sıradan çıxır. Nəticədə orqanizm digər xəstəliklərə qarşı həssas olur:
“Qızılcanın pnevmoniya, ensefalit kimi ağırlaşmaları mövcuddur. Qızılca ilk olaraq üz nahiyəsində səpkilər və qızdırma ilə özünü büruzə verir. Daha sonrakı müddətdə səpkilər sinə, qollar və aşağı ətraflara yayılır. Yoluxan şəxslər əsasən ev şəraitində müalicə olunurlar. Bu zaman çoxlu maye qəbul etmək, soyuq havadan uzaq olmaq, istirahət rejiminə keçid etmək tövsiyə olunur. Qızılcaya yoluxan uşaqların yeməyinə diqqət yetirilməlidir. Meyvə, tərəvəz, yüngül sulu yeməklər qəbul etmək daha məqsədəuyğundur. Lakin iştaha yoxdursa, uşağı məcburi qaydada yedirtmək tövsiyə olunmur”.
Pediatr Aytən İsmayılzadə isə məsələyə başqa bir aspektdən yanaşıb.
Bu mövzuya sosial media hesabında toxunan həkim bildirib ki, hazırkı mərhələdə ən vacib məqam özəl klinikalarda peyvəndləmənin ləğv olunmasıdır.
Pediatr hesab edir ki, körpələrin vaxtında ölümcül xəstəliklərdən peyvənd olunmamasının bir səbəbi də pulsuz peyvəndlərin özəl klinikalarda baha qiymətə təklif edilib, valideynlərin çaşdırılmasıdır:
“Bu gün bu qədər uşağın peyvəndsiz qalmasının başlıca səbəbi də elə budur. Valideynə maraqlıdır: niyə özəldə bu qədər baha, dövlət poliklinikasındakı isə pulsuzdur. Deməli, burda keyfiyyət fərqi var. Məsələn, biri deyir "bəs nə, özəl özəldir də, peyvəndi də keyfiyyətli olacaq" o biri deyir " pulsuz olan nə keyfiyyətli ola bilər ki" və s.
Özəl klinikalar onlara olan marağın artmasından istifadə edərək peyvəndləmə işinə də girişdi. Amma nəticə cəmiyyətimiz üçün yaxşı olmur. Çünki özəldə peyvənd etdirməyə pul tapmayan valideyn dövlət poliklinikasında da peyvənd etdirməyə özündə inam tapmır. Ona görə də qərara alır ki, yaxşısı elə peyvənd etdirməyim. Və həmin uşaqlar bu gün bir-bir qızılcaya yoluxur. Qızılca isə bildiyiniz kimi heç də rahat bir xəstəlik deyil. Peyvənd isə şikəstlik və ölüm verə bilən xəstəliklərdən ötrüdür. Bunu unutmayın...”.
Həm özəldə, həm də dövlətdə vurulan peyvəndlərin eyni olduğunu vurğulayan A.İsmayılzadə təəssüflə deyib ki, buna rəğmən özəl klinikalarda peyvəndləmə insanlarımızda çaşqınlıq yaradır. Əgər bu çaşqınlıq səbəbilə bir uşaq belə dünyasını dəyişirsə, ya onlarla uşaq riskli xəstəliklərə tutulursa, deməli, bu məsələyə baxılmalıdır:
“Kim baxacaq? TƏBİB, Səhiyyə Nazirliyi? Öz aralarında kim nəyə baxırsa, o... Poliklinika həkiminin yaxası qalıb vətəndaşın əlində.
Valideyn var ki, uşağını poliklinikada qeydiyyata salmayıb. Elə özəl klinikada müayinələri və peyvəndlərini etdirir. Mən yanıma gələn hər yenidoğulmuşa deyirəm: iki aydan peyvəndlərin başlayır, ondan da öncə poliklinikada qeydiyyata düşürsən. Peyvəndlərini də poliklinikada etməyi deyirəm. Soruşurlar: özəl, ya dövlət" deyirəm: əlbəttə, poliklinika. İndi bu fikrimdən sonra kəm baxışlar artacaq, çünki özəl klinikada peyvənddən faiz keçir həkimlərə. Hələ klinikanın qazancını demirəm. Mənə isə heç kimin fikri maraqlı deyil. Maraqlı olan uşaqların sağlamlığıdır. Təkcə varlı ailənin yox, eləcə də kasıb ailənin. Biz peyvənd seçimini valideynlərə buraxsaq, çox şeydə uduzarıq, mütləq peyvəndləmə ilə bağlı qanunlarda dəyişiklik etmək lazımdır”.