Terapevt: “Nimesil” məsləhət deyil, təhlükəlidir

Bu preparatın qəbulu zamanı allergik reaksiyalar özünü çox pis büruzə verir

Uşaqlara, böyüklərə “Parasitomol”, ya da “Paraferin” vermək olar


  Müəyyən ağrıları azaltmaq üçün “Nimesil” dərmanından istifadə edənlər çoxdur. Bu dərmanın baş, diş ağrısını kəsdiyi, hərarəti saldığı deyilir. “E-saglam.az”  2015-ci ildən respublikamızda satışına başlanılan və tələbatın get-gedə artdığı "Nimesil" haqqında məlumatları təqdim edib. Qeyd edilir ki, bu, ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə vasitədir, tərkibindəki maddənin adı isə "nimesulide" adlanır.  Bundan əlavə saxaroza, portağal dadlı və iyli dadverici, limon turşusu, maltodekstrin və makroqolun setostearil efiri kimi köməkçi maddələr də daxildir. Dərman təsirini ilk 5-15 dəqiqə ərzində göstərir və 6 saata qədər davam edir. Qeyd edilir ki, “Nimesil”  əməliyyatdan sonra yaranan ağrılara, baş və diş, əzələ ağrılarına, ayaq burxulmaları, bədənin zədə almasından sonra yaranan ağrılara yaxşı təsir edir, damar, ginekoloji və uroloji xəstəliklərdə, bədən temperaturunun artmasına qarşı da istifadə edilir. Lakin dərman bir çox ağrılara güclü təsir etsə də, ondan düzgün şəkildə istifadə etmək lazımdır. "Nimesil" yeməkdən sonra qəbul edilməlidir. 12 yaşdan yuxarı olan uşaq və böyüklər 100 ml suda bir  paket həll edərək içməlidirlər. 0-12 yaş aralığında olan uşaqların isə istifadəsi qəti şəkildə qadağandır. Maksimum müalicə müddəti 15 gündür. 15 gündən artıq istifadəsi həyat üçün təhlükə yarada bilər. Araşdırma zamanı məlum olub ki, "nimesulide" maddəsi böyrəklər tərəfindən xaric olunur, buna görə də böyrək çatışmazlığı olan xəstələr bu dozanı azaltmalı, ya da ümumiyyətlə istifadə etməməlidir.  Bütün bunlardan əlavə preparatın yan təsirləri də mümkündür. Belə ki, dəridə qaşınma, qızartı, normadan artıq tərləmə, nadir hallarda isə nəfəs darlığı problemi yarada bilər. Buna görə də mütəxəssislər dərmanın güclü təsirini və dozasını nəzərə alaraq həkim məsləhəti ilə istifadə edilməsini məsləhət görürlər.  Normadan artıq istifadə edildikdə yuxu gətirir, qusma, ürəkbulanma, mədə ağrısı və ya narahatlıqlara səbəb olur. Mədə-bağırsaq xoraları, diabet, təzyiq xəstələrinin istifadə etməsi qadağandır.
 
 Terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “Nimesil” qeyri-steroid iltihab əleyhinə preparatlar qrupuna aiddir: 
- 0-12 yaş qrupuna əks göstərişləri öz yerndə, amma “Nimesil” kəskin allergik reaksiyalar törədən preparatdır. Bu preparatın qəbulu zamanı allergik reaksiyalar özünü çox pis büruzə verir. Aptekçilər müraciət edənlərə özbaşına satır bu preparatı. Bu, qətiyyən düzgün deyil.  Birincisi, ağrı varsa, onun mənbəyi, səbəbi tapılması və ona uyğun müalicə aparılmalıdır. Ağrıkəsicilər müvəqqəti xarakterlidir və orqanizmə bəlli bir vaxt müddətində çaşdırıcı, ziyanlı “kömək” edir. Ağrı varsa, müəyyənləşməlidir ki, səbəbi nədir. Yoxsa hər ağrını ağrıkəsici ilə azalt, bir müddət sonra yenə başlasın, yenə ağrıkəsici qəbul et, bu, tamamilə yanlışdır və orqanizmin çökməsinə səbəb olacaq. Həkimlə məsləhətləşməmiş heç bir dərman preparatı qəbul edilməməlidir. Xüsusən də “Nimesil” kimi allergik reaksiyalar törədən preparat. Bu preparatları almaq ümumiyyətlə, məsləhət deyil. Uşaqlara, böyüklərə “Parasitomol”, ya da “Paraferin” vermək olar, ya kapsul şəklində, ya da sirop halında olan. “Nimesil”in qəbulu zamanı kəskin allergik reaksiyalara çox təsadüf  edilir. Hətta biz xəstələrdən soruşuruq, digər dərman preparatlarının qəbulu zamanı da  allergik reaksiyalar yaşanıbsa, ikinci dəfə eyni tərkibli preparatları qəbul etmək prosesi sürətləndirə, sürətlə gedən allergik reaksiyalara səbəb ola bilər. Bu da çox ağır fəsadlar, hətta anefilaktik şok yarada bilər.