Professor: Botulizm çox təhlükəli qida infeksiyasıdır

Rusiyada "botulizm" infeksiyasına kütləvi yoluxma ilə əlaqədar üç nəfər saxlanılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, məhsul istehsalı üzrə kommersiya təşkilatının faktiki rəhbəri, Moskva vilayətində qida məhsullarının hazırlanması və çatdırılması üzrə özəl təşkilatın baş direktoru, eləcə də keyfiyyət şöbəsinin rəisi saxlanılıb.İlkin məlumata görə, saxlanılanların hamısı lobya və tuna balığı ilə zəhərli salatlar hazırlayan “Gastroport” şirkətində işləyib.
Şübhəli şəxslər təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların istehsalı və satışı ilə bağlı başlanmış cinayət işi üzrə saxlanılıblar.
Qeyd edək ki, Moskvada kütləvi şəkildə "botulizm" infeksiyasına yoluxma qeydə alınıb. "Kuxnya na rayone" hazır yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib. Moskva merinin müavini Anastasiya Rakova hazırda 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Bildirib ki, onlardan 30-u reanimasiyadadır.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, botulizm çox təhlükəli qida infeksiyasıdır:

 "Bu infeksiya növü adətən, bayat qidalarda rast gəlinir. Onun tərkibində ototoksin adlanan dəhşətli toksin mövcuddur. Bu da insanlarda ağır vəziyyətlər yarada, hətta, ölümlə nəticələnə bilər. Ona görə də botulizm infeksiyası olan qidalar kütləvi zəhərlənmələrə səbəb olur. Həddindən artıq bayat qidaları saxlamaq, istifadə etmək olmaz. Bu səbəbdən evdə hazırlanan konserv məhsullarının istehlakı zamanı diqqətli olmaq tələb olunur. Məsələn, rəngi dəyişən, bakanın ağzı şişən, hemogenliyi pozulan qidalardan istifadə etmə məqsədəuyğun deyil. Çox vaxt balıqdan kütləvi zəhərlənmələr baş verir. Bunlar hamısı insan orqanizminə zərərli olan botulizm çöplərinin ifrazından qaynaqlanır. Unutmamalıyıq ki, qida təhlükəsizliyi çox önəmlidir. Qidaları saxlanması,konservləşməsi, istehlakı, utulizasiyası konkret texniki standartlarla həyata keçirilməldir ki, bu cür hallar baş verməsin".