Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma ilə bağlı iyunun 1-dən bu günə qədər ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, onlardan 10 nəfərə yerində yardım göstərilib, digər iki şəxs isə hospitalizasiya olunub. Maraqlıdır,günvurmanın simptomları nələrdir? Bu zaman ilk yardım üçün həmin şəxsə necə kömək edə bilərik?
Məsələ ilə bağlı tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında qeyd edib ki, bu yay temperaturun kəskin dərəcədə qalxması ilə əlaqədar günvurmaların sayı artıb:
''Ümumiyyətlə, günvurmanın 3 dərəcəsi var: yüngül, orta və şiddətli. Yüngül günvurma günəşin pik həddində gəzərkən yaranır. Bu aralıq isə saat 12-dən 4-ə dəkdir. Simptomlara baş ağrısı, ürək bulanması, zəiflik, nəfəs və ürək döyüntüsünün artması daxildir. Bu zaman insan özünə kömək edə bilər. Məsələn, soyuq su içib kölgədə bir qədər dincəlsə, vəziyyəti düzələcək. Əgər həmin şəxsin yüksək və aşağı təzyiqi yoxdursa, yüngül günvurma zamanı özünü tənzimləyə bilər. Orta dərəcədə günvurma ilə isə temperatur yüksələ, baş ağrısı və ürək bulanması daha da pisləşə, burun qanaması başlaya bilər. Bu zaman çox diqqətli olmaq lazımdır. Çünki insanın beyin damarları partlaya və başa qan sıza bilər. Ona görə də mütləq həkim müdaxiləsi lazımdır. Şiddətli dərəcəli günvurma zamanı isə üz dərisi əvvəlcə qırmızı, sonra solğun rəngdə olur. Temperaturun 41-42° C-ə yüksəlir. Hətta,insan koma keçirdə və qəfil ölə bilər. İstənilən halda günvurma zamanı əsas qayda xəstəni dərhal sərin bir yerə gətirmək, uzatmaq, su vermək və bədən temperaturunu aşağı salmaqdır''.