Son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ana ölümlərinin statistikasını təhlil edərkən müəyyən olunur ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişir:
“Məsələn, 2000-ci il təvəllüdlü ana üçüncü hamiləliyində doğuş zamanı ölürsə, deməli, onun ailə quranda 16-17 yaşı olub”.
Qeyd edək ki, Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır. Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.