Anadangəlmə qüsurların artmasına səbəb genetik və metobolik xəstəliklərdir
Bu gün uşaqlarda anadangəlmə qüsurlar da çoxalıb.
Bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə nikahdan əvvəl müayinələr aparılır:
“Müayinələr zamanı vətəndaşa deyə bilmirik ki, evlənməyin. Biz tövsiyə verə bilərik ki, siz talassemiya daşıyıcısısız. Evlənsəniz, xəstə uşaq doğulacaq. Onları evlənib-evlənməməsi özlərindən asılıdır. Bu gün hətta talassemiyanın artıq ağır formaları çoxalıb”.
Bə, günümüzdəki uşaqlarda anadangəlmə qüsurların çoxalmasına səbəb nədir? Bunun qarşısını almaq üçün nə etməliyik?
Məsələni dəyərləndirən Pediatr Nigar Abdullayeva “Sherg.az"a açıqlamasında deyib ki, anadangəlmə qüsurların artmasına səbəb genetik və metobolik xəstəliklərdir:
''Çünki ölkəmizdə qohum evliliklərinin sayı çoxdur. Buna görə də qüsurlu doğulan uşaqların sayı artmaqda davam edir. Bu xəstəliklərin qohum evlilikləri edənlərdə daha sıx rastlaşılmasının mühüm səbəbi var. Məsələn, ana-ata hər hansı xəstəliyin daşıyıcısı olur, ancaq əlaməti özünü göstərmir. Belə olduqda valideynlərdən uşağa xəstə genlər keçir. Talassemiya xəstəliyi olan insanlarda ciddi qan azlığı görülür. İlk aylarda əlamətlərini göstərməsə də daha sonra dalağın böyüməsi, qan azlığı və digər problemlər meydana çıxır. Bunun üçün evlənmədən qabaq cütlüklərdən analizlər götürülməlidir".
Pediatrın sözlərinə görə, talassemiya xəstəliyinin tam müalicəsi yoxdur:
''Ancaq xəstəyə mütəmadi qan köçürülür. Dalaq çox böyüdükdə həmin şəxs uzun müalicə prossesindən keçir. Bu səbəbdən talassemiya daşıyıcısı şəxslərin bir-biri ilə evlənməsi qətiyyən yolverilməzdir''.