Yayın qızmar istisində sərinlənmək üçün kondisionerlər əvəzedilməz vasitədir. Yay aylarında kondisionersiz yerdə oturmaq, işləmək çox çətin olur. Amma isti havada sərinləməyimizə səbəb olan kondisionerlərin zərərli tərəfləri də var.
Bəs, kondisioner insan səhhəti üçün hansı fəsadlar yarada bilər? Kondisionerdən istifadə edərkən hansı qaydalara əməl etməliyik?
Mövzu ilə bağlı danışan tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a söyləyib ki, istiləri nəzərə alaraq kondisionerlərdən düzgün istifadə edilməlidir:
"İsti havalarda otaqda normal mühit yaradılmalıdır. Kondisioner isə bu mühiti yaratmaq üçün nəzərdə tutulan elektrik cihazıdır. Bu cihaz rütubəti götürmək, havanı soyutmaq və nəmləndirmək funksiyasını yerinə yetirir. Çöldə 30 və daha yüksək temperatur olduğu halda kondisioneri 18 dərəcəyə qoymaq düzgün deyil. Kondisioner və bayırdakı havanın temperaturu arasında fərq 5-6 dərəcədən çox olmamalıdır. Onsuz da kondisioner həmin temperaturu otaqdan ala bilmir. Ona görə də daim işləyərək həddindən artıq enerji sərf edir. Əlavə olaraq, uzun müddət kondisioner altında uzanmaq bədəndə soyuqlamağa gətirib çıxarır. Həmçinin termorequlyasiyanı pozar və bədən temperaturunun normal fizioloji hüduddan aşağı düşməsinə səbəb ola bilər. Nəticədə soyuqdəymə, nevrit və digər xəstəliklər yaranır''.
A.Qeybulla vurğulayıb ki, kondisionerin alındıqdan sonra, hər il təmizlənməsi, yuyulması məsləhətlidir:
"Çünki kondisionerin içində müxtəlif mikroorqanizmlər inkişaf edir. Ona görə də insanlarda kondisioner pnevmoniyası və legionella adlanan xəstəlik yarana bilər. Bu səbəbdən diqqətli olmalıyıq. Həmçinin, maşında kondisioner işləyərkən 1-2 dəqiqə qapının açıq saxlamaq lazımdır. Bir sözlə, kondisioneri fasilə verərək işlətmək daha məqsədəuyğundur".