Soyuq su qan damarlarının daralmasına səbəb olur, bu da potensial olaraq qan dövranını pisləşdirir, bu hal ürəyə əlavə gərginlik yaradır
Xüsusən də ürək-damar problemləri olan insanlar soyuq su içməkdən vaz keçməlidirlər
Qədimdə su satanlar olub. Küçə-küçə gəzərək “ay sərin su alan, ay sərin su alan” çağırışı edərək su satıblar. Xüsusən yay fəslində sərin suya tələbat qat-qat artır. Günümüzdə küçə satıcılarına ehtiyac yoxdur. Zatən hər küçədə market var, marketlərin önündə də soyuducular, soyuducularda da istənilən miqdarda, istənilən keyfiyyətdə və tamda su satılır. Həm də buz kimi su. Su yayın vazkeçilməzidir. Amma bəzi insanlara soyuq sudan vaz keçmək məsləhətdir. Bunu biz yox, mütəxəssislər deyir.
ABŞ-də aparılan tədqiqat zamanı məlum olub ki, soyuq və buzlu su içmək müvəqqəti rahatlıq gətirir, sağlamlıq üçünsə ciddi təhlükə yaradır. Tədqiqat su ilə bağlı indiyədək mövcud olmuş müsbət fikirləri alt-üst edir. Tədqiqatçılar bildirir ki, saf, təmiz suyun faydaları saymaqla bitməz, eyni zamanda suyun orqanizmə ziyanı da var. Tədqiqat aparan alimlər bu qənaətə gəlib ki, orqanizmin suya ehtiyacı var. Lakin orqanizm ona lazım olduğu miqdarda su almalıdır. Orqanizmdə tarazlığın saxlanmasında su önəmli əhəmiyyət daşıyır. Mütəmadi su içmək orqanların fəal çalışmasını təmin edir. Həmçinin su dəri quruluğunun qarşısını alır, dərini nəm saxlayır, bu da dərinin şəffaflığını, sağlamlığını təmin edir. Su eyni zamanda bağırsaqların fəaliyyətinə kömək edir, orqanizmdəki zərərli maddələri vücuddan kənarlaşdırır. Orqanizmdəki toksinlərdən azad olmaq üçün hər gün 8-10 stəkan su içmək tövsiyə edilir. Yetərli miqdarda su içmək böyrəklərin də yaxşı fəaliyyət göstərməsinə kömək edir. Lazımi miqdarda su qəbul etdikdə, toxluq hissi yaranır ki, nəticədə daha az qida qəbul edilir, bu da kökəlmənin qarşısını alır. Lakin mütəxəssislər bildirib ki, hər orqanizmin su ehtiyacı müxtəlifdir. Orqanizmin su ehtiyacı fərdlərə görə dəyişkəndir. Noida Beynəlxalq Universitetinin alimləri təsdiqləyir ki, insanların bir çoxu sərinləmək üçün soyuq su içir, bu isə olduqca yanlışdır. Soyuq su içildikdə orqanizmdə müxtəlif fizioloji reaksiyalar baş verir. Əsas narahatlıqlardan biri qan damarlarının daralmasıdır. Soyuq su qan damarlarının daralmasına səbəb olur, bu da potensial olaraq qan dövranını pisləşdirir, bu hal ürəyə əlavə gərginlik yaradır. Xüsusən də ürək-damar problemləri olan insanlar soyuq su içməkdən vaz keçməlidirlər.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-dermatoveneroloqu İlqar Ağamirov müsahibəsində hazırkı qızmar istilərdə orqanizmin suya tələbatının artdığını bildirib. Eyni zamanda çox soyuq, soyuducudan alınıb birbaşa içilən buz kimi suyun zərərlərindən də danışıb. Həkim qeyd edib ki, soyuq su həzm prosesinə mənfi təsir göstərir:
- Soyuq su qidalardakı yağların qatılaşmasına və həzmin çətinləşməsinə səbəb olur. Bədən qatılaşmış yağları emal edə bilmir. Həzmsizlik, bağırsaqlarda qaz əmələ gəlməsi və digər narahatlıqlar üzə çıxır. Soyuq su səbəbilə mədə və bağırsaqlarda temperaturun qəfil dəyişməsi həzm sistemini şoka sala və potensial olaraq mədə kramplarına səbəb ola bilər. Soyuq su orqanizmin su ilə təmini prosesini ləngidə bilər. Bədən soyuq suyu öz temperaturuna qədər istiləşdirmək üçün enerji sərf etməlidir ki, bu da mayelərin udulmasını gecikdirir. Orqanizmi kifayət qədər su ilə təmin etməyin kritik məsələ olduğu bir mövsümdə bu gecikmə əks nəticə verir.
Soyuq su istehlakının mümkün çatışmazlıqlarını nəzərə alsaq, yay aylarında susuzluğun qarşısını almaq və sağlam qalmaq üçün müxtəlif alternativlərə yönəlmək vacibdir. Suyu otaq temperaturunda və ya bir qədər soyuq içmək tövsiyə olunur. Belə su daha səmərəli nəmlənmə və həzmi təşviq edir. İçməli suyun temperaturunu tənzimləyin və şirəli meyvələrin və şirəli qidaların istehlakını artırın. Müvafiq nəmləndirməni təmin etmək üçün digər tövsiyə susuzluq hiss etmədikdə belə, gün ərzində müntəzəm olaraq maye qəbul etməkdir. Su ilə yanaşı, ayran, kefir kimi içkilər də menyuya daxil edilməlidir. Fiziki fəaliyyətlə məşğul olan və ya açıq havada uzun müddət keçirən insanlar üçün itirilmiş elektrolitləri duz və minerallar olan içkilərlə doldurmaq faydalıdır. Hər bir insanın su ehtiyacı fərdidir. Bu, yaş, sağlamlıq vəziyyəti və fiziki fəaliyyət səviyyəsindən asılıdır. Bir az soyudulmuş su bəziləri üçün tamamilə məqbul olsa da, digərləri otaq temperaturunda olan mayelərdən daha çox faydalana bilər.
Həkim qızmar istilərdən qorunmağın yollarını da qeyd edib:
- İstənilən insan uzun müddət günəş altında qaldıqda, onda narahatlıq yaranır. Günəş şüalarına həssas olan insanlar mütləq qoruyucu kremlər istifadə etməlidirlər. Bütün bədəni örtən ağ paltar geyinmək tövsiyə olunur. Lazım gəldiyi təqdirdə çətirdən istifadə etmək məsləhətdir, çünki əmələ gələn narahatlıqlar bütün yay boyu davam edə bilər. Qeyd edim ki, fotodermativlər deyilən bu xəstəliklər ciddi narahatlıqlar yaradır. Belə insanlar vitaminli qidalar, sərin mayelər, əsasən də sudan bol istifadə etməlidirlər. Çünki intensiv şüalar dəri xərçəngi, həmçinin maddələr mübadiləsinin pozulması ilə müşayiət olunan digər xəstəlikləri yarada bilər. Bəzi hallarda bu yanıqların yerində uzunmüddətli piqment ləkələr qalır və müalicəyə çətin tabe olur.