İnfeksionist: Dezinfeksiya zamanı bir neçə təlimata əməl etmək lazımdır

Sumqayıtda dezinfeksiyadan 5 nəfər zəhərlənib. Hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində baş verib. Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Mənsimova Kəmalə Aqil qızı, 1975-ci il təvəllüdlü Şərifova Könül Səfər qızı, 1981-ci il təvəllüdlü İsrafilova Qəribə Əlövsət qızı, 1978-ci il təvəllüdlü Gülməmmədova Şəfa Bəhram qızı və 1986-cı il təvəllüdlü Maralova Zülfiyyə Sədrəddin qızı işlədikləri müəssisədə həşərat əleyhinə edilən dizenfeksiyadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
 
Həkim-infeksionist Ləman Qalimova "Sherg.az"a söyləyib ki, dezinfeksiya zamanı bir neçə təlimata əməl etmək lazımdır:

''Birinci növbədə şirkətdən dezinfeksiyanın instruksiyasını öyrənməliyik. Dezinfeksiyanın bir neçə növü var. Lakin hər növündən zəhərlənmə halları baş vermir. Dezinfeksiya – xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə yoluxucu xəstəliklərin törədicilərinin məhv edilməsidir. Dezinfeksiya başa çatdırıldıqdan sonra müəyyənləşdirilən müddət ərzində dezinfeksiya edilən qapalı məkanda prosesi aparanlardan savayı digər şəxslərin olmasına yol verilmir. Məqsəd, dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirindən insanların sağlamlığının mühafizəsinin təmin olunmasıdır. Ümumilikdə isə dezinfeksiyaedici maddələrin orqanizmə zərərli təsir dərəcəsi onun tərkibində olan aktiv maddənin toksiklik dərəcəsindən asılı olaraq dəyişir. Qeyd edim ki, dezinfeksiyanın aparılması zamanı maska və əlcəkdən istifadə olunmalı, ağız, burun, üz və dəri səthinə toxunulmaması vacibdir''.