Şəkidə 65 yaşlı kişini ilan sancıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 3-ü axşam saat 19:30 radələrində Şəki şəhəri, 28-ci rayon Dadaş Bünyadzadə küçəsi ev 2 ünvanında yaşayan, 1950-ci il təvəllüdlü Abid İsmayıl oğlu Yusibov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 65 yaşlı Abid Yusibov yaşadığı evin həyətyanı sahəsində olan ilanı öldürmək istəyən zaman ilan cəld tərpənərək onun sağ ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Abid Yusibova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Artıq yay fəsli olduğuna görə, ilan təhlükəsi artır. Bəs, ilan sancması zamanı nə etməliyik?
Məsələ ilə bağlı danışan professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, Abşeron yarımadasında iki zəhərli ilan növü yaşayır:
''Bunlardan biri gürzə, digəri isə çöl əfisidir. Nativ zəhərlərin bədənə daxil olması təhlükəlidir. Zaqafqaziyadakı ilanların zəhərləri hemotoksindir. Yəni, onlar qanın laxtalanmasına təsir edir və daxili qanamalar törədirlər. Gürzə zəhərinin antidodları var və Azərbaycanda da hazırlanır. Sancma zamanı ilk olaraq ilanın növü müəyyənləşdirilməlidir. Unutmamalıyıq ki, bütün ilanlar zəhərli deyil. Əgər sancan ilan zəhərlidirsə, mütləq zamanında antidod vurulmalıdır. Zərərçəkən yaxınlıqdakı xəstəxanaya aparılmalıdır. Bundan qabaq yaxşı olardı ki, zəhərdən yuxarı hissə juqutla bağlansın. Həmin hissə antisepdiklə işlənsin və natrium xloridlə yuyulsun. Zəhərin zərər vurduğu yeri sıxmaq, sovurmaq məqsədəuyğun deyil. Bəzən ilanın növündən asılı olmayaraq, bir milliqram zəhər belə öldürücü olur''.
A.Qeybulla diqqətə çatdırıb ki, Azərbaycanda zəhərli ilanların sayı azdır:
''Ən zəhərli ilan gürzədir, lakin antidodları var. Nəticə etibarı ilə xəstənin həyatını xilas etmək mümkündür. İstənilən halda diqqətli olmaq lazımdır. Bu o demək deyil ki, bütün ilanlar məhv edilmədlidir. Əksinə, bütün insanlar heyvanlarla iç-içə yaşamalıdır. Bu biosenozdur. İnsanın rifahına görə, flora və faunanı məhv etmək doğru deyil. Ancaq ilanlarla, bir sözlə, bütün heyvanlarla aqressiv yox, düzgün davranmalıyıq. Əgər ilan sancırsa, bu onun özünü qorumaq istəməsindən qaynaqlanır".