Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Əhməd Cavad küçəsində qeydə alınıb. Orada yaşayan, 1958-ci il təvəllüdlü Vasiliy Strekalov yaşadığı evin damından özünü asıb. Onun asılmış meyitini ailəsi aşkar edib. İntiharın səbəbləri məlum deyil. Mərhumun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Maraqlıdır, belə hallarla qarşılaşmamaq üçün ağır xəstəliklərdən əziyyət çəkənlərin yaxınları onlarla necə davranmalıdır?
Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a açıqlamasında bildirib ki, həssas durum olduğu üçün bu məsələyə diqqətli və empatik yanaşmaq vacibdir:
''Ona görə də bir neçə nüansa xüsusi önəm verməliyik. Bunlardan birincisi, empatiya duyğusu və dəstəkdir. Belə ki, xərçəng xəstəsi olan yaxınlarınıza hər zaman empati göstərmək və onları anlamağa çalışmaq çox önəmlidir. Onların duyğusal vəziyyətini qəbul edin və yanlarında olduğunuzu hiss etdirin. Onları diqqətlə dinləyin və hər hansı bir şikayətləri və ya narahatlıqları olduqda kömək etməyə çalışın. Bir sözlə, hisslərini və düşüncələrini ifadə etmələrinə imkan verin. Həmçinin, evdə və ya xəstəxanada pozitiv, dəstəkverici mühit yaratmaq xəstənin ruh halını yaxşılaşdırmağa kömək edə bilər. Psixoloji dəstək və məsləhət xidmətləri almaq isə çox vacibdir. Psixoloqlar və psixoterapevtlər bu çətin dövrdə həm xəstələrə, həm də onların yaxınlarına kömək edə bilərlər. Xəstəliyin mərhələləri, müalicə prosesləri və nəticələri haqqında düzgün məlumat vermək dəstək prosesinin bir hissəsidir. Bilgili olmaq və sorğulara düzgün cavab vermək onlara rahatlıq gətirə bilər. Yaxınları olaraq əsas fiziki və emosional ehtiyaclarını qarşılamaq üçün yanında olun. Sağlam qidalanma, rahatlıq və sakitlik yaratmaq xəstəyə dəstək olmaq üçün vacibdir''.