Özəl tibb müəssisələrində təklif olunan xidmətlərin qiyməti çox yüksəkdir.
Xezerxeber.az-ın məlumatına görə, özəl xəstəxanalarda həkim konsultasiyası 30-80 manat, analizlər isə 50-100 manatdan başlayır. Elə analizlər də var ki, qiymətləri 350-500 manatdır.
Bəzi özəl xəstəxanalarda "Check up" müayinə qiymətləri isə insanların bir aylıq gəlirindən də çoxdur.
Paytaxt sakinləri də tibb müəssisələrində təklif olunan xidmətlərin qiymətinin yüksək olduğunu deyirlər.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, özəl xəstəxanalarda qiymət məsələsinə dövlət müdaxilə edə bilməz:
“Həmin xəstəxanalar tibbi təyinatlı kommersiya müəssisələri sayılır. Çünki bu müəssilər özləri-özlərini maliyyələşdirir. Yəni maaş, sərfiyyat materialları, alətlər, avadanlıqlar, cihazlar və digər lazımı əşyaların hər birini sahibkar tərəfindən qarşılanır. Həmin sahibkar da sektordaka ümumi qiymətlərə baxaraq öz qiymət çərçivəsini müəyyən edir. Digər tərəfdən elə genetik analizlər var ki, bahadır. Çünki bəzi analizlər xaricə göndərilir. Buna görə də qiymətlərin yüksək olması təəccüblü deyil. Ümumiyyətlə özəl sektor dünyanın hər yerində dövlət və İcbari Tibbi Sığorta ilə fəaliyyət göstərən müəssilərdən fərqlənir”.