Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ənənəvi olaraq profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Sentyabrın 10-dan etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə uyğunluq təşkil edir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər. Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur.
Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.
İnfeksionist Vasif Əliyev “Sherg.az”a söyləyib ki, havaların soyuması ilə əlaqədar olaraq mövsümü xəstəliklər artacaq:
“Mövsümü xəstəliklərdə birinci yerdə dayananı qripdir. Qripə qarşı hər il peyvənd olunur. Ümumiyyətlə qripdən sağlam qidalanmaq, soyuqdan qorunmaq, mövsümə uyğun geyinmək və zərərli vərdişlərdən uzaq durmaqla qoruna bilərik. Həmçinin xəstə insanlarla təmasdan qaçaraq, ehtiyac olduqda insan kütləsinin çox olduğu yerə getsək belə maska taxaraq virusa yoluxmaqdan özümüzü qorumaq mümkündür. Ancaq bəzi insanlar xəstəliyi daha ağır formada keçirir və risk altındadırlar. Həmin insanlar xroniki xəstəliyi olanlar, 5 yaşa qədər uşaqlar, 50 yaşın üzərində olan yaşlı insanlar, hamilə qadınlar, onkoloji xəstələr, qan xərçəngi xəstələri, uzunmüddət steroid qəbul edən və xroniki böyrək, qaraciyər, ağciyər, ürək xəstəliyi olanlardır . Bu şəxslərə tövsiyyə olunur ki, hər il oktyabr ayında peyvənd olunsunlar. Lakin digər insanlar profilaktik yollarla özlərini qoruya bilərlər. Ancaq ehtiyac olduqda qrip peyvəndi də ola bilərlər. Ümumiyyətlə qripə qarşı vaksinasiya hər il vurulur. Bu il vurulan qrip peyvəndi isə gələn il üçün keçərli deyil. Peyvənd oktyabrda başlanılsa da, risk qrupunda olan insanlar yanvar, fevral aylarında belə peyvənd vurdura bilərlər”.