Göyçayda toy mərasimində ölüm hadisəsi baş verib.
Qafqazinfo xəbər verir ki, rayonun Yalman kəndində keçirilən toy mərasimi zamanı Məmmədova Qızılgül Ağamusa qızı qəfil vəfat edib.
Belə ki, Q.Məmmədova toy mərasimində istifadə edilmiş çirkli qabları yuyarkən ürəktutmadan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Kardioloq Şəmşir Vəliyev “Sherg.az”a bildirib ki, yalnız Azərbaycanda deyil, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümün əsas səbəblərindən biridir:
“Əvvəllər ürək xəstəliyi 50 yaşın üzərində idisə, hazırda bu xəstəliyə 30 və 40 yaşlarda da rast gəlinir. Son zamanlar ürək-damar sistemi xəstəliklərinin artması müşahidə edilir. Xüsusən də 30-40 yaş arasında olan şəxslərdə ürək xəstəliklərinin səbəbi, energetik içkilər, tütün məhsulları, narkotik maddələrdən istifadə və qeyri-normal həyat rejimidir. Ümumiyyətlə gənclərdə ən çox aritmiyalara rast gəlirik. Eyni zamanda tütün məhsullarından, narkotik maddələrdən istifadə arterial hipertaniya xəstəliyinə də gətirib çıxarır. Həkim olaraq tövsiyyə edirəm ki, bu saydığım zərərli vərdişlərdən uzaq dayanılsın və gənclərimiz aktiv idmanla məşğul olsunlar”.