Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a deyib ki, Mərkəzi Avropa ölkələrində, Almaniya, İsveçrədə də dönərlər hazırlanır:
''Lakin müştərilər orada əyləşərək yemək yeyirlər. Yəni, dönər bizdəki kimi görmədən çörəyin arasına bükülərək alıcılara təqdim olunmur. Ümumiyyətlə, ölkəmizdə dönərləri hazırlamaq üçün iki müəssisə müəyyən edilib. "AzProtein Foods" və "Sahliyalı MMC". Həmin müəsisələrdə dönərləri təmiz ətdən hazırlayaraq, mənfi 40 dərəcə şok dondurmadan keçirən atlaslar mövcuddur. Bu zaman ətdə olan bir çox heyvan xəstəlikləri məhv edilir. Daha sonra xüsusiləşmiş avtomobillərlə soyuq zəncir üzrə dönərxanalara çatdırırlar. Lakin monitorinqlər göstərir ki, fəaliyyət göstərən dönərxanaların heç bir faizi də dönəri buradan almırlar. Dönərin çox ucuz olması murdar ətdən istifadə edildiyini göstərir. AQTA-nın isə mükəmməl yoxlama mexanizmi yoxdur, əl-qolları bağlıdır. Azərbaycan höküməti biznes qurumlar üçün rahat şərait yaradıb. Amma istehlakçı hüquqları arxa plandadır. Ona görə belə hallarla tez-tez rastlaşırıq''.
E.Hüseynov vurğulayıb ki, dönərdən zəhərlənmə yalnız ətdən deyil, ora qatılan digər maddələrdən də baş verə bilər:
''Ümumiyyətlə, Azərbaycanda zəhərlənmələrin qeydiyyatı bərbad vəziyyətdə aparılır. AQTA-nın qida zəhərlənmələrinə dair statistikası ümumdünya göstəricisindən 1400 dəfə azdır. Belə çıxır ki, biz dünyanın xoşbəxt xalqıyıq. Halbuki hər il dünyada 10 nəfərdən birinə zəhərlənmə dioqnozu qoyulur. Təəssüf ki, AQTA yerli istehsal malları üçün sertifikat tərtib etmir. Bu işlə məşğul olan adamlar reyestrə daxil olunur. Bununla guya, qidanın təhlükəsizliyi təmin edilir. Ümid edirik ki, yaxında bu problem öz həllini tapacaq".