Eldəniz Əmirov: "Ən dəhşətli xəstəliyə düçar olanları sığortadan kənarda saxlamaq olmaz"
Uzun müddətdir ictimaiyyət icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid edir.
Millət vəkilləri bu məsələ ilə bağlı mütəmad olaraq parlamentdə öz təkliflərini versə də, ortada real nəticə yoxdur. Parlamentarilər hesab edir ki, təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin ötən iclasında bu məsələyə yenidən toxunub. Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmamasını qəbuledilməz hal kimi dəyərləndirən millət vəkili qeyd edib ki, insanlar arasında ürək-damar patologiyasından sonra ən çox tələfat onkoloji xəstəliklər sırasındadır: "Onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur. Onkoloji xidmətə ayrılan vəsait 50 milyon civarında qalıb. Hər gün bu xəstələrlə qarşılaşan bir insan kimi deyim ki, bu xəstələrin böyük qrupunu adekvat müalicə etməkdən məhrumuq. Onkoloji xəstələrin müalicəsinə çox vəsait tələb olunur. Razıyam. Amma ilk olaraq, bu xəstələrin müalicəsində istifadə olunan dərmanları icbari tibbi sığorta öz öhdəsinə götürməlidir, bu, ilk addım olmalıdır. İTSDA 5 ildir yaranıb, amma onkoloji xəstələrin icbari tibbi sığortaya cəlbi üçün addımlar atılmayıb, bu məsələ çox uzanır".
İqtisadçı-ekspert Eldəniz Əmirov isə “Sherg.az"a açıqlamasında bildirib ki, onkoloji xəstəliklər insanlar arasında sadəcə tələfata səbəb olmur. Belə xəstələrin özləri və doğmaları tələfat baş verənə qədər sarsıntı içində yaşayır:
“Bu sarsıntının üzərinə də müayinə və müalicə proseslərinin baha olması ailələrə ciddi maddi çətinliklər yaşadır. Bu səbəbdən çox insanlar ilkin müayinədən, eləcə də müalicədən uzaq qaçıb, taleyini tamlıqla ilahinin ixtiyarına buraxaraq, evində sözlə ifadəsi olmayan üzüntülərlə yaşayır. Buna görə də onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması məsələsinə ciddi baxılmalıdır. Başa düşürəm, bu proses bir çox xəstəliklərlə müqayisədə icbari tibbi sığortaya daha çox vəsait hesabına başa gələcəkdir. Amma çox vəsait lazımdır deyə, ən dəhşətli xəstəliyə düçar olanları sığortadan kənarda saxlamaq olmaz. Bir vaxtlar ölkəmizdə icbari tibbi sığortanın tətbiqi məsələsi gündəmə gələn zaman çox vəsait lazım olacağını səbəb gətirərək bunu bir müddət uzatdıq. Amma şükürlər olsun ki, bu sistem ölkəmizdə uğurla tətbiq edilməyə başladı. Müalicə üçün 100 manatı olmayanlar ucqar kəndlərdən paytaxta gəlib 10 min manatlıq əməliyyatları 1 manatsız etdirə bilir. İnsanlar bu gün ölkəmizdə icbari tibbi sığortanın verdiyi fürsətlərdən sevinclə istifadə edə bilir. Tibbi personal da (böyük əksəriyyət) bundan çox məmnundur. Demək ki, bir şeyi çox istəyəndə biz bunu edə bilirik. Odur ki, mütləq şəkildə onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması istiqamətində real addımlar atılmalıdır. Əğər mövcud vəsait bu xəstəliyin müalicəsində A-dan Z-yə hər şeyi qarşılmaq üçün imkan vermirsə, onda heç olmasa, nədənsə başlamaq lazımdır. Sonrakı hər il isə sığorta zərfini genişləndirmək olar”.