Bir il ancaq qırmızı ət yedi: Bədənindəki dəyişiklik çox təəccüblü olub

ABŞ-nin Nebraska ştatında yaşayan Patrik Ensli, bir il ərzində yalnız qırmızı ət istehlak edərək təxminən 60 kilo arıqladığını söyləyib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu pəhriz ürək xəstəlikləri və xərçəng kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Sherg.az xəbər verir ki, bir il əvvəl 136 kiloqram çəkisi olan Patrik Ensli ətyeyən pəhriz sayəsində 60 kilo arıqladığını iddia edib. Hər gün qırmızı ət yediyini bildirən Ensli bu yemək rejimi sayəsində daha enerjili bir insana çevrildiyini və depressiyanı geridə qoyduğunu bildirib.

Ətyeyən pəhrizin tərəfdarları arasında Co Roqan və Cordan Peterson kimi məşhurlar da var. Bununla belə, pəhrizin ümumi sağlamlığa təsiri haqqında çoxlu müxtəlif elmi fikirlər mövcuddur. Bir çox araşdırmalar göstərir ki, qırmızı ətin diabet, ürək xəstəliyi və xərçəng riskini artıra bilər. 



Harvard Universiteti tərəfindən 2023-cü ildə aparılan bir araşdırma, həftədə yalnız iki porsiya qırmızı ət istehlak edənlərin 2-ci tip diabet riskinin artdığını göstərib. Oksford Universitetinin təhlillərinə görə, gündə 50 qram qırmızı ət istehlakı ürək xəstəliyinə tutulma riskini 18 faiz artırır.

Lakin bəzi ekspertlər qırmızı ətin zərərlərinin şişirdildiyini iddia edirlər. İngilis kardioloq Dr. Aseem Malhotra bildirir ki, qırmızı ətin sağlamlığa mənfi təsirləri barədə kifayət qədər elmi sübut yoxdur.

Patrik Ensli qırmızı ət istehlak edərək arıqladığını iddia etdikdən sonra mübahisə yenidən alovlanıb. “Əvvəllər işdən evə gələndən dərhal sonra yuxum gəlirdi, amma indi yox. Özümü enerjili və fit hiss edirəm" deyən Ensli, qırmızı ətin zərərləri ilə bağlı irəli sürülən fikirlərin etibarlılığını şübhə altına aldığını əlavə edib.

Bəzi ekspertlər ətyeyən pəhrizin ürək xəstəliyi riskini artıra və C vitamini və lif kimi həyati vacib qida maddələrinin olmaması səbəbindən müxtəlif sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Həddindən artıq protein qəbulunun böyrəklərə zərər verə biləcəyi də bildirilir.

Ümumdünya Xərçəng Araşdırma Fondu və Amerika Xərçəng Cəmiyyəti bildirir ki, qırmızı ətin həddindən artıq istehlakı kolon xərçəngi riskini artıra bilər. Bu, qırmızı ətin tərkibində yüksək miqdarda doymuş yağ və kanserogen birləşmələrin olması ilə izah olunur.

Amerika Ürək Assosiasiyası həftədə 2-3 porsiyadan çox qırmızı ət istehlak etməyi tövsiyə edir. Ümumdünya Səhiyyə Təşkilatı isə qırmızı ət istehlakının həftədə 500 qramı keçməməsi lazım olduğunu qeyd edir.