Sentyabr ayından Azərbaycanda tək-tək qızılca xəstəliyi halları qeydə alınır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhaliyə yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində peyvənd işləri davam etdirilir.
Məsələ ilə bağlı danışan pediatr Gülşən Əliyeva “Sherg.az"a açıqlamasında qeyd etdi ki, indiki dövrdə qızılca xəstəliyinin azalmasının səbəbi vaksinasiya oldu:
''Yəni, əvvəlki dövrlərlə müqayisədə indiki vaxtda vaksinasiya dəfələrlə artıb. Bildiyiniz kimi, vaksinlər infeksiya zəncirini qırır. Hətta, peyvənd olunmuş şəxslər xəstəliyi daha yüngül keçirir. Bu baxımdan da qızılcaya yoluxanların sayı getdikcə azalır. Qış aylarında isə qızılcanın epidemik səviyyədə artacağını düşünmürəm. Çünki əhalinin kifayət qədər hissəsi peyvəndlənib və prosses hələdə davam edir. Təcrübələrimdən yararlanaraq deyə bilərəm ki, daha çox vaksin edilməmiş uşaqlar qızılcaya yoluxur. Əlavə olaraq burundakı hissəciklər virusu tutub-saxlayır. Lakin soyuqda həmin hissəciklər azalır. Ona görə də soyuq aylarda viruslara yoluxma ehtimalımız artır. Bu baxımdan az da olsa, qızılcaya yoluxanların sayı arta bilər. Məhz, insanların qış aylarında qripə daha çox yoluxması da bu səbəbdəndir".