Son zamanlar ikinci əl geyimlərə tələb artıb. Alıcılar malların Avropadan gətirildiyi üçün keyfiyyətli hesab edirlər.
Mağaza sahiblərinin sözlərinə görə, satılan məhsullar bir və ya iki dəfə geyinilmiş brend mallardır. Bu geyimlərin hər birinin etiketi üzərində gəlir və satışdan əvvəl dezinfeksiya edilir. Sual yaranır ikinci əl geyimlər nə dərəcədə təhlükəsizdir? Onlar dəridə xəstəliklərə səbəb ola bilər mi?
Dermatoloq Tünzalə Əzizli “Sherg.az”a söyləyib ki, bu tip məhsullar dəridə xəstəliklər yarada bilər:
"İkinci əl geyimlərin dezinfeksiya edilməsi ilə bağlı məlumat verilsə belə, prossesin nə dərəcədə düzgün yerinə yetirilməsi barədə heç kəs qarantiya verə bilməz. Bildiyiniz kimi geyimlər insan həyatının ən mühüm parçasıdır və onlarla sıx təmasda oluruq. Həmçinin onların sanitariyası insan sağlamlığında mühüm rol oynayır. İstifadə olunmuş geyimlər isə dəridə göbələk, qoturluq, gənə, demodeks xəstəliklərinə yol aça bilər. Bu fəsadların bəziləri təhlükəli və sağalmaz olur. Ümumiyyətlə, geyim alarkən, ilk olaraq gigiyenik sertifikat tələb etmək lazımdır. İkinci əl geyimlərdən mikrobların keçmə şansını azaltmaq üçün həmin paltarlar yuyulmalı, ütülənməli və ya dezinfeksiya edilməlidir. Vətəndaşlar ikinci əl geyim alarkən diqqətli olsunlar''.