Dəm qazından zəhərlənmə zamanı nə etməli? -Həkimdən tövsiyə

Statistikaya baxanda 2024-cü ildə də dəm qazından zəhərlənmə hadisələrinin əvvəlki illərə uyğun davam etdiyi məlum olur. Hətta sosial çarxlar, maarifləndirici informasiyalar artsa belə hadisələr azalmır. Bəs dəm qazından zəhərlənmə zamanı nə etməli? Zəhərlənən şəxsə ilkin yardım necə göstərilməlidir?


Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a bildirib ki, dəm qazından zəhərlənmə hər zaman olub:

“Xüsusilədə soyuq vaxtların olması ilə əlaqədar olaraq daha çox zəhərlənmələr baş verir. Çünki bir çox evlərdə su qızdırıcı kalonkanın hamamın içərisində olmasına görə qazın yanmasından ayrılan dəm qazı havaya getmədiyi üçün evə dolur və zəhərlənmə baş verir. Ümumikyyətlə dəm qazından zəhərlənmə sürətli şəkildə yox, tədricən baş verir. Hava nəticəsində isə insanın ciyərlərinə daxil olur, oradan da qana keçir və qanda toksiklərin sayı artır. Bu tədricən olduğu üçün insan hiss etmir. Yavaş formada olduqda insan hiss edərək özünə ilk tibbi yardımı göstərə bilər. Ümumiyyətlə yaxşı olar ki, otağın qapısı tam bağlı olmasın. Lakin burada da yüngül zəhərlənmə ola bilər. Zəhərlənmə zamanı sifətin qızarması, baş gicəllənmə, ürək bulanma, huşunu itirmə kimi hallar baş verir. Belə hal baş verərsə, ilk öncə qapı pəncərəni açmaq, həmin şəxsi digər otağa keçirmək, üzünə soyuq su vurmaq və  maye içirmək lazımdır. Lakin ağır zədələnmələr olduqda ətrafdakı şəxslər yardım edə bilməz. Bu zaman mütləq şəkildə təcili yardım çağırılmalı, peşəkar səviyyədə kömək göstərilməlidir. Bəzən ambulator şəraitdə deyil, stasionar şəraitdə zəhərləri aradan qaldıra biləcək məlhəmlərin, sistemlərin vurulması və yaxud nəfəs almada, ağciyər sistemində çətinlik varsa, ciyərlərin nəfəs almasını yaxşılaşdırmaq üçün müayinə vasitələrindən istifadə etmək lazım olur”.